Almaniya millisinin sabiq futbolçusu Mesut Ozil Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına salınıb.
İdman.Biz xəbər verir ki, buna səbəb onun Rusiya və İsrail komandalarına qarşı tətbiq olunan sanksiyalarla bağlı FIFA-nı tənqid etməsidir.
Oktyabrın sonunda veteran futbolçular arasında keçirilən “İstanbul” - “Zenit” (3:2) yoldaşlıq görüşündən sonra Ozil FIFA-nı ikili standartlarda ittiham edib.
“FIFA İsrail komandalarına qarşı sanksiya tətbiq etmədi, halbuki Rusiya klublarına qarşı belə tədbirlər görüldü. FIFA-nı ikili standartlardan imtina etməyə və hamıya eyni münasibət göstərməyə çağırıram”, – deyə o bildirib.
Xatırladaq ki, Almaniya millisinin heyətində dünya çempionu olan(2014-cü ildə) Ozil 2023-cü ildə futbolçu karyerasını başa vurub. O, karyerası ərzində “Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbağça” və “İstanbul Başakşəhər” klublarında çıxış edib.
