Fabreqas “İnter”in güclü olduğunu dedi: “Bəlkə də sensasiya yaradacağıq”

7 Noyabr 2026 21:16
49
Fabreqas “İnter”in güclü olduğunu dedi: “Bəlkə də sensasiya yaradacağıq”

İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas A Seriyasının 11-ci turunda “İnter”lə keçiriləcək qarşılaşma barədə danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında Milan təmsilçisini İtaliyanın ən güclü komandası adlandırıb və qələbə qazanmaq üçün mükəmməl oyun göstərməli olduqlarını bildirib:

“Deyəsən, verdiyiniz suallara əsasən, bizim üçün hər həftə yetkinlik sınağıdır. Bu, normaldır. Mövsümün bizim üçün xüsusi olacağını bilirdik. Motivasiyamız böyükdür, amma hansı yolla getdiyimizi də anlayırıq. Vacib oyundur, yaxşı formadayıq. Bununla belə, bu qarşılaşma nə qədər irəli gedə biləcəyimizi göstərən sınaqdır. “İnter” İtaliyanın ən güclü komandasıdır. Oyundan sonra öz səviyyəmizi görəcəyik”.

Fabreqas komandasının əvvəlki üç qarşılaşmada “İnter”i məğlub etməyə yaxın olduğunu xatırladıb. Lakin onun sözlərinə görə, Milan klubunun həlledici məqamlarda oyun səviyyəsini yüksəltməsi nəticəyə təsir göstərib:

“Üç dəfə buna yaxın olmuşuq. Ancaq onlar oyun səviyyəsini yüksəldəndə həddindən artıq güclü olurlar. Biz indiyədək olduğu kimi öz futbolumuzu oynamalıyıq. Nə əsəbilik, nə də təzyiq olmalıdır. Matçdan sonra harada olduğumuzu görəcəyik”.

“Komo”nun Çempionlar Liqasında “Lans” üzərində 9:1 hesablı qələbəsinə də toxunan baş məşqçi bu nəticənin “İnter”lə qüvvələr nisbətini əks etdirmədiyini bildirib:

“Ötən oyundakı qələbənin heç bir əhəmiyyəti yoxdur. Bu nəticə səviyyələri bir-birinə çox yaxın olan iki komanda arasındakı fərqi göstərmir. Belə şey həyatda bir dəfə, bəxtin gətirəndə baş verir. Sakit qalmalıyıq.

“İnter” İtaliya çempionudur, ölkə kubokunu qazanıb, iki dəfə Çempionlar Liqasının finalında oynayıb. Bizim hələ çox yolumuz var. Amma sabah nə olacağını kim bilir? Bəlkə də mükəmməl oyunla sensasiya yaradacağıq”.

Fabreqas Lautaro Martinesin yoxluğunda Marcus Türamın “İnter” üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

“O, onlar üçün çox vacib futbolçudur. Fantastik oyunçudur, güclü və sürətli hərəkət edir. Cərimə meydançasına daxil olur, hücumların qurulmasında iştirak edir, müdafiədə də yaxşı işləyir.

Levandovskini və ya Türamı necə dayandırmaq olar? Bilmirəm, bəlkə də möhtəşəm oyun və bir qədər köməklə. Onlar daim təhlükəli vəziyyətlər yaradan yüksək səviyyəli hücumçulardır. Müdafiəçiləri ciddi düşünməyə məcbur edirlər. Mükəmməl oyun lazımdır”.

İspaniyalı mütəxəssis “Komo”nun “İnter”lə səviyyə fərqini azaltması üçün qol imkanlarından daha səmərəli istifadə etməli olduğunu da vurğulayıb:

“Qol vurmaq çox kömək edir. Onlar bir və ya iki imkandan istifadə edərək fərqlənə bilirlər. Biz isə “Lans”la oyundakı effektivliyimizin ən azı 60 faizini göstərməliyik. Amma sakit qalaraq öz oyunumuzu oynamalıyıq.

“San-Siro”dakı cavab qarşılaşmasına yenidən baxdım. Əgər Diao qol vursaydı, İtaliya Kubokunun finalında olardıq. Hər şeyi xırda detallar həll edir. Onlar sadəcə çox güclüdürlər”.

Fabreqas qarşıdakı oyunda Çaloba və Diaonun xidmətindən yararlana bilməyəcəyini də təsdiqləyib.

Baş məşqçinin sözlərinə görə, Çaloba potensial olaraq beş-altı dəqiqə meydanda ola bilər. Lakin növbəti qarşılaşmaya qədər bərpa üçün daha uzun müddət olduğundan futbolçunun vəziyyətini riskə atmaq istəmir.

İdman.Biz