“Barselona”ya Feliks şoku: “Əl-Nəsr” milyonlarından keçməyə hazırdır

7 Noyabr 2026 20:52
43
“Barselona”ya Feliks şoku: “Əl-Nəsr” milyonlarından keçməyə hazırdır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı hücumçu Joao Feliksi heyətində saxlamaq və onun “Barselona”ya keçidinin qarşısını almaq üçün hərəkətə keçib.

İdman.Biz “Kooora” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunun müqaviləsindəki birtərəfli uzadılma bəndini aktivləşdirərək onunla əməkdaşlığı 2029-cu ilin yayına qədər davam etdirməyi planlaşdırır.

Bu addım Feliksin agenti Jorje Mendeşin futbolçunu 2027-ci ilin yayında “Barselona”ya azad agent kimi və ya simvolik məbləğ qarşılığında aparmaq planlarını poza bilər.

Müqavilənin uzadılması “Əl-Nəsr” üçün əlavə maliyyə öhdəlikləri yaradacaq. Klub “Çelsi”yə daha 20 milyon avro ödəməli olacaq və bununla da transferin ümumi dəyəri 50 milyon avroya çatacaq. Feliksin illik maaşı isə 10 milyon avrodan 12,5 milyon avroya yüksələcək.

Səudiyyə Ərəbistanı təmsilçisi hazırda maliyyə problemlərini həll etməyə çalışır. Rəhbərlik gələn ilin mayına qədər ölkənin Peşəkar Futbol Liqasına lazımi maliyyə təminatlarını təqdim etməyi nəzərdə tutur.

Klubun bu məqsədlə Kriştiano Ronaldunun beynəlxalq investisiya fondları ilə tərəfdaşlığından gözlənilən vəsaitlərə də ümid bəslədiyi bildirilir.

Plan reallaşarsa, “Barselona”nın Joao Feliksi heyətinə qatmaq imkanları ciddi şəkildə məhdudlaşacaq.

İdman.Biz