Norveçin “Vikinq” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Sabah”la qarşılaşmağa hazırlaşır. Stavanger təmsilçisinin heyətində problemlər yaşandığı bir vaxtda baş məşqçinin komandanın əsas hədəfi barədə açıqlaması diqqət çəkib.
İdman.Biz Norveç mediasına istinadən xəbər verir ki, “Vikinq”in baş məşqçilərindən biri Byarte Lunde Orsheym ölkə çempionatında çempionluq mübarizəsini Çempionlar Liqasından üstün tutduqlarını bildirib.
“Çempionat daha vacibdir”, - deyə mütəxəssis “Sabah”la qarşılaşma ərəfəsində keçirilən mətbuat konfransında vurğulayıb.
“Vikinq” hazırda Norveç çempionatında qızıl medal uğrunda mübarizə aparır. Komanda 25 turdan sonra 59 xalla turnir cədvəlinə başçılıq edir. Stavanger təmsilçisi son turda əsas rəqiblərindən olan “Budo-Qlimt”ə 2:3 hesabı ilə məğlub olub.
Azərbaycan klubu ilə görüş öncəsi “Vikinq”in heyətində də müəyyən problemlər var. “Sports Mole” nəşrinin oyunöncəsi icmalına əsasən, Anders Bertelsen, Veton Berişa, Sondre Byorshol, Nik D'Aqostino və Martin Ove Röset zədə səbəbindən qarşılaşmanı buraxa bilərlər.
“Vikinq”in məşqçilər korpusunu narahat edən digər məsələ komandanın ən məhsuldar futbolçusu Peter Kristiansenin fiziki vəziyyətidir. Cari mövsüm Norveç çempionatında 15 qol vuran hücumçunun “Sabah”a qarşı meydana çıxıb-çıxmayacağı oyun ərəfəsində müəyyənləşəcək.
Komandanın ölkə çempionatında “Budo-Qlimt”lə görüşündən sonra yaranan gərginlik də gündəmdə qalır. Həmin qarşılaşmada “Vikinq”in digər baş məşqçisi Morten Yensen və rəqib komandanın çalışdırıcısı Ketil Knutsen qırmızı vərəqə alıblar. Norveç mediası hər iki mütəxəssis barədə intizam qərarının açıqlanacağını gözləyir.
Bununla belə, Orsheym baş verənlərin komandanın hazırlığına təsir göstərmədiyini bildirib.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
