Simeone “Bavariya” ilə oyun öncəsi planlarını açıqladı: “80 dəqiqə hücum etmək istəyirəm”

3 Noyabr 2026 20:41
98
Simeone “Bavariya” ilə oyun öncəsi planlarını açıqladı: “80 dəqiqə hücum etmək istəyirəm”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Bavariya” ilə qarşılaşmadan əvvəl komandasının hazırlığını və oyun planını dəyərləndirib.

İdman.Biz İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis rəqibin gücünü nəzərə alsa da, komandasının hücum futbolu nümayiş etdirməsini arzuladığını bildirib.

“İstərdim ki, 80 dəqiqə hücum edək, son on dəqiqəni isə rəqibə verək. “Levante” ilə oyundakı kimi 20 ötürmədən ibarət hücum qurub qol vurmaq istəyərdim. Amma reallıq fərqlidir. Qarşımızda güclü komanda var. Çətin anlar yaşayacağıq. Rəqib müdafiədən ötürmələrlə çıxmağı yaxşı bacarır”, - deyə Simeone vurğulayıb.

Baş məşqçi yarımmüdafiə xəttindəki problemlərə də toxunub. Onun sözlərinə görə, Conni Kardoso və diskvalifikasiya olunmuş Morten Hülmand “Bavariya” ilə görüşdə iştirak etməyəcəklər. Koke isə zədədən sonra meydana qayıtmağa yaxındır.

“Kardoso və Hülmand sərəncamımızda deyil. Koke qayıdır və oynamaq üçün böyük istək göstərir. Amma qarşılaşma uzun və çətin keçə bilər. Mendoza, Varqas və Lyorente də seçimlərimiz arasındadır. Heyətlə bağlı yekun qərar vermək üçün hələ vaxtımız var”, - deyə mütəxəssis bildirib.

Simeone Çempionlar Liqasının finalının “Atletiko”nun ev stadionu olan “Metropolitano”da keçiriləcəyi barədə suala da münasibət bildirib.

“Bu turnirdə nə qədər irəliləyəcəyimizi bilmirəm. Ümid edirəm ki, bu sual mənə tez-tez verilməyəcək. Finalın stadionumuzda keçirilməsi klub üçün möhtəşəm hadisədir. Amma biz hər oyuna ayrıca yanaşırıq. Əsas məsələ çalışmaq və diqqətimizi qarşıdakı görüşə yönəltməkdir”.

Argentinalı çalışdırıcı komandasının sabit çıxış etməsinin vacibliyini də qeyd edib. O, məşqçilər üçün ən çətin məsələlərdən birinin bütün qarşılaşmalarda eyni səviyyəni qorumaq olduğunu vurğulayıb.

Qeyd edək ki, “Atletiko” - “Bavariya” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.Biz