İtaliyanın “İnter” klubu “Liverpul”un hücumçusu Federiko Kyezanı qış transfer pəncərəsində heyətinə qatmaq imkanlarını araşdırır. Tərəflər arasında mümkün razılaşmanın maliyyə detalları məlum olub.
İdman.Biz xəbər verir ki, İngiltərə təmsilçisi italiyalı futbolçunu satınalma hüququ ilə icarəyə vermək variantını müzakirə etməyə hazırdır.
Mümkün razılaşmada Kyezanın birdəfəlik transfer qiymətinin 8-10 milyon avro (təxminən 15,7-19,6 milyon manat) olması nəzərdə tutulur.
Lakin keçidin qarşısında əsas maneə futbolçunun yüksək maaşıdır. Kyeza “Liverpul”da mövsümə 7,5 milyon avro (təxminən 14,7 milyon manat) qazanır. Bu məbləğ “İnter”in hazırkı əməkhaqqı siyasətinə uyğun gəlmir.
Milan təmsilçisinin transferi reallaşdırması üçün “Liverpul”un futbolçunun maaşının müəyyən hissəsini ödəməsi tələb oluna bilər.
“İnter” rəhbərliyi yekun qərar verməzdən əvvəl 29 yaşlı hücumçunun komandaya hansı töhfəni verə biləcəyini də qiymətləndirmək niyyətindədir.
Qeyd edək ki, 2024-cü ildə “Yuventus”dan “Liverpul”a keçən Kyeza İngiltərə klubunda əsas heyətin daimi üzvünə çevrilə bilməyib. İtaliyaya qayıdış onun daha çox oyun praktikası qazanmasına imkan yarada bilər.
