Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2027/2028 mövsümündə mübarizə aparacağı qrupun tərkibi müəyyənləşib.
İdman.Biz UEFA-ya istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda C Liqasının 2-ci qrupunda Gürcüstan, Latviya və Lixtenşteyn yığmaları ilə üz-üzə gələcək.
Millimiz qrupdakı hər rəqiblə iki dəfə - doğma meydanda və səfərdə qarşılaşacaq. Beləliklə, Azərbaycan futbolçuları qrup mərhələsində ümumilikdə altı oyun keçirəcəklər.
Turnirə 2027-ci ilin fevralında start veriləcək. İlk dörd turun qarşılaşmaları fevralın 23-dən martın 6-dək və aprelin 13-dən 24-dək olan müddətlərdə təşkil ediləcək.
Qrup mərhələsinin yekun iki turu isə iyunun 7-15-də oynanılacaq.
C Liqasında qrup qalibləri daha yüksək diviziona yüksəlmək imkanı qazanacaqlar.
