“Barselona” “İnter”in futbolçusu Alessandro Bastonini transfer etmək niyyətindən əl çəkməyib. Kataloniya təmsilçisi futbolçunun nümayəndələri ilə əlaqəni davam etdirir.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, “Barselona” qış transfer pəncərəsində italiyalı müdafiəçini heyətinə qatmaq istəyir. Klub yaxın vaxtlarda onun nümayəndələri ilə yeni danışıqlar keçirməyi planlaşdırır.
Kataloniyalılar ötən yay da Bastonini transfer etməyə çalışıblar. Lakin baş məşqçi Hans-Diter Flikin razılıq verməməsi səbəbindən keçid baş tutmayıb.
Bastoni “Barselona”ya keçməkdə maraqlıdır. Bununla belə, müdafiəçi qərar verməzdən əvvəl Flikdən komandadakı gələcək rolu ilə bağlı təminat almaq istəyir.
Bu arada, “İnter”in futbolçuya təqdim etdiyi yeni müqavilə təklifi rədd edilib. Bastoni təklif olunan şərtləri qənaətbəxş hesab etməyib.
Milan klubu müdafiəçinin transferi üçün 70 milyon avro (119 milyon manat) tələb edir. “Barselona” isə bu məbləği ödəmək üçün heyətindəki futbolçulardan birini yüksək qiymətə satmalı olacaq.
Bastoninin “İnter”lə mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
