İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Fermin Lopes İngiltərənin “Mançester Yunayted” klubunun ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu Kataloniya təmsilçisindən ayrılmaq niyyətində olmadığını açıqlayıb.
Son günlər Britaniya mətbuatında “Mançester Yunayted”in “Barselona”nın yetirməsi ilə maraqlandığı barədə məlumatlar yayılıb.
“Bu cür xəbərlərə əhəmiyyət vermirəm. “Barselona”da mümkün qədər uzun müddət qalmaq istəyirəm və ümid edirəm ki, karyeramı da bu komandada başa vuracağam”, - deyə Lopes bildirib.
İspaniyalı futbolçu bu açıqlamanı La Liqada “Alaves” üzərində qazanılan 6:1 hesablı qələbədən sonra verib.
Qarşılaşmada bir qol və iki məhsuldar ötürmə ilə fərqlənən Lopes vurduğu qoldan sonra “Barselona”nın emblemini öpüb və ardından onu göstərib.
