Fabio Kapellodan “Yuventus”a sərt tənqid: “Klub öz DNT-sini itirib”

1 Noyabr 2026 14:50
96
Fabio Kapellodan “Yuventus”a sərt tənqid: “Klub öz DNT-sini itirib”

İtaliyanın “Yuventus” futbol komandasının sabiq baş məşqçisi Fabio Kapello Turin təmsilçisinin hazırkı vəziyyətini sərt tənqid edib.

İdman.Biz “La Gazzetta dello Sport” qəzetinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis komandanın əvvəlki qalibiyyət ruhunu itirdiyini və baş məşqçi Luçano Spallettinin qarşısında ciddi problemlərin dayandığını bildirib.

Kapello “Yuventus”un uğursuz çıxışlarını təkcə taktiki çatışmazlıqlarla əlaqələndirməyib.

“İlk növbədə, “Yuventus”un itirdiyi DNT-sini geri qaytarmaq lazımdır. Qələbə aclığı, əzmkarlıq, aqressivlik və nəyin bahasına olursa-olsun nəticə qazanmaq istəyi. Bu böyük klubu həmişə fərqləndirən ruh artıq görünmür. “Yuventus” üçün əsas məsələ mütləq gözəl futbol oynamaq deyil, qələbə qazanmaqdır”, - deyə o bildirib.

Təcrübəli mütəxəssis Spallettinin artıq bir ildir komandaya rəhbərlik etdiyini və yay transferlərinin planlaşdırılmasında iştirak etdiyini xatırladıb.

“Luçano düz bir ildir “Yuventus”da çalışır. Yayda transferləri rəhbərliklə birlikdə razılaşdırıb. Buna görə onun komandasının daha az çətinliklə üzləşəcəyini gözləyirdim. Amma vəziyyət fərqlidir”.

Kapello Türkiyə millisinin futbolçusu Kenan Yıldızın zədəsinin də komandanın problemlərini üzə çıxardığını düşünür.

“Belə təəssürat yaranır ki, Yıldızın zədəsindən sonra əvvəllər onun fərdi ustalığı sayəsində gizlədilən problemlər üzə çıxıb. Türk futbolçunun yaradıcılığı olmadan komandanın zəif tərəfləri görünür. Nə oyun var, nə də əvvəlki ruh”.

Kapello “Yuventus”un “Napoli” ilə qarşıdakı oyununa da münasibət bildirib. Onun fikrincə, bu qarşılaşmada nəticə qazanmaq Spalletti üçün xüsusilə vacibdir.

Mütəxəssis Neapol təmsilçisində çıxış edən Kevin De Brüyneyə diqqət çəkərək belçikalı yarımmüdafiəçidən Andrea Pirlo üslubunda oyun gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Kapello 2004-2006-cı illərdə “Yuventus”un baş məşqçisi olub.

İdman.Biz