Levandovski ABŞ-də gündəm oldu: Baş məşqçi qərarının səbəbini açıqladı

1 Noyabr 2026 13:58
104
Levandovski ABŞ-də gündəm oldu: Baş məşqçi qərarının səbəbini açıqladı

ABŞ-nin “Çikaqo Fayr” futbol komandasının hücumçusu Robert Levandovski MLS-də “Kolorado Rapids”ə qarşı keçirilən oyunda bir qol və bir məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

İdman.Biz “SportoweFakty” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu komandasının səfərdə 4:2 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

Baş məşqçi Qreq Berhalter Levandovskini 63-cü dəqiqədə, hesab 2:2 olarkən meydana buraxıb. Polşalı hücumçu 11 dəqiqə sonra Filip Zinkernagelin ötürməsindən yararlanaraq rəqib qapıçısını keçib və topu boş qapıya göndərib.

Bu qolla “Çikaqo Fayr” 3:2 hesabı ilə önə çıxıb. Levandovski 88-ci dəqiqədə isə Puso Ditheyanenin fərqlənməsinə şərait yaradaraq komandasının dördüncü qolunda da iştirak edib.

Təcrübəli hücumçu MLS-də ardıcıl səkkiz oyun davam edən qolsuz seriyasına son qoyub.

Qarşılaşmadan sonra Qreq Berhalter Levandovskinin start heyətində yer almamasının əvvəlcədən hazırlanmış planın bir hissəsi olduğunu açıqlayıb.

“Onun qol vurması çox yaxşıdır. Eyni zamanda, öz rolunu qəbul etməsinə də sevinirəm. Ona bunun necə oyun olacağını və qarşılaşmanın gedişinə hansı şəkildə təsir göstərə biləcəyini izah etmişdik. O da tapşırığı dəqiqliklə yerinə yetirdi. Səfərləri və yüksək hündürlükdə oynamağı nəzərə alsaq, səkkiz gün ərzində üç oyun keçirmək çətin sınaqdır”, - deyə mütəxəssis bildirib.

Berhalter rəqib futbolçuların yorulacağını əvvəlcədən gözlədiklərini də vurğulayıb:

“Buna görə ağıllı davranmalı idik. Onun oyuna təsir göstərə biləcəyini bilirdik. Rəqibin yorulmağa və zəifləməyə başlayacağı anın gələcəyini gözləyirdik. Həmin vaxt onu meydana buraxdıq”.

Polşalı futbolçunun çıxışı ABŞ mətbuatında da geniş əks-səda doğurub.

MLS-in rəsmi saytı Levandovskinin vacib məqamda fərqlənmək bacarığını ön plana çıxarıb. Nəşr onun səkkiz oyunluq qolsuz seriyasını məhz komandasının qələbəyə ehtiyac duyduğu qarşılaşmada dayandırdığını vurğulayıb.

“MenInRed97” saytı Berhalterin qərarını uğurlu taktiki gediş kimi qiymətləndirib. Nəşr Levandovskinin təxminən iki aylıq fasilədən sonra yenidən fərqləndiyini vurğulayaraq ona 8 bal verib.

Qeyd edək ki, “Çikaqo Fayr” bu qələbədən sonra 55 xalla MLS-in Şərq Konfransında dördüncü pillədəki mövqeyini qoruyub. Komanda məğlubiyyətsiz oyunlar seriyasını üç qarşılaşmaya çatdırıb.

İdman.Biz