İngiltərə Premyer Liqası klublarının 2021-ci ildən bəri transfer etdikləri futbolçuların bazar dəyərində baş verən dəyişikliklərlə bağlı statistika yayımlanıb. Siyahıya “Mançester Siti” başçılıq edir, “Mançester Yunayted” isə ən zəif nəticəyə malikdir.
İdman.Biz İngiltərə mediasına istinadən xəbər verir ki, son beş ildə “Mançester Siti”nin heyətinə cəlb etdiyi futbolçuların bazar dəyərində 447 milyon funt sterlinqlik (təxminən 1 milyard 12 milyon manat) artım qeydə alınıb. Bu, Premyer Liqa klubları arasında ən yüksək göstəricidir.
İkinci pillədə 349 milyon funt sterlinqlə “Bornmut” qərarlaşıb. İlk üçlüyü 323 milyon funt sterlinqlə “Brayton” tamamlayıb.
“Brentford” 302 milyon, “Sanderlend” isə 290 milyon funt sterlinqlik artımla müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.
Digər klublardan “Çelsi”nin göstəricisi müsbət 179 milyon, “Aston Villa”nın 162 milyon, “Arsenal”ın isə 110 milyon funt sterlinq təşkil edib.
Araşdırmaya əsasən, Premyer Liqanın yalnız dörd klubunda son beş ildə alınan futbolçuların bazar dəyəri üzrə mənfi nəticə qeydə alınıb. Onlardan biri “Tottenhem”dir. London klubunun transfer etdiyi oyunçuların dəyərində 188 milyon funt sterlinqlik azalma baş verib.
Ən pis göstərici isə “Mançester Yunayted”ə məxsusdur. Klubun 2021-ci ildən bəri transfer etdiyi futbolçuların bazar dəyərində 405 milyon funt sterlinqlik azalma qeydə alınıb.
Qeyd edək ki, bu rəqəmlər klubların faktiki transfer gəlirlərini deyil, oyunçuların bazar dəyərinin dəyişməsini əks etdirir.
