İngiltərənin 15 yaşadək futbolçulardan ibarət milli komandası oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək ilk U-15 dünya çempionatı və FIFA festivalı üçün heyətini açıqlayıb.
İdman.Biz İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Mett Torp müxtəlif Avropa klublarının akademiyalarını təmsil edən 14 futbolçunu heyətə daxil edib.
Azərbaycana gələcək oyunçular arasında “Mançester Yunayted”in müdafiəçisi Cozef Akinsanya və yarımmüdafiəçisi Brayan Nyoni, “Liverpul”un futbolçusu Kobi Akerеле, “Tottenhem”in yetirməsi Ayzek Allen, “Vest Hem”in nümayəndəsi Emmanuel Famokun və Portuqaliyanın “Benfika” klubunun futbolçusu Pirs Pinnok da var.
Bundan başqa, “Blekbern”, “Nottingem Forest”, “Şeffild Yunayted”, “Vest Bromviç”, “Derbi Kaunti”, “Plimut” və “İpsviç” akademiyalarının yetirmələri də İngiltərə millisinin heyətində yer alıblar.
İngiltərə yığması C qrupunda Kamboca, Monteneqro, Nikaraqua, İrlandiya və Zimbabve ilə mübarizə aparacaq.
Komanda ilk oyununu oktyabrın 24-də Nikaraquaya qarşı keçirəcək. Ertəsi gün Monteneqro və Kamboca ilə qarşılaşacaq ingilislər oktyabrın 26-da İrlandiya və Zimbabve ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq U-15 dünya çempionatı və FIFA festivalında 191 milli komandanın iştirakı gözlənilir. İngiltərə Futbol Assosiasiyasının məlumatına əsasən, yarışa qatılacaq futbolçu, məşqçi və rəsmi şəxslərin ümumi sayı üç mindən çox olacaq.
Oyunların əsas hissəsi xüsusi hazırlanmış Hövsan yarış kompleksində keçiriləcək. Qarşılaşmalar səkkizə səkkiz formatında təşkil olunacaq və hər biri 20 dəqiqə davam edən iki hissədən ibarət olacaq.
Qrup mərhələsindən sonra komandalar turnirin növbəti mərhələsində mübarizəni davam etdirəcəklər. Yekun qarşılaşmalar oktyabrın 30-da baş tutacaq.
