Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

21 Oktyabr 2026 22:21
116
Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu Yu Çon Hyan dünya çempionatlarının tarixində yeni qol rekorduna imza atıb.

İdman.Biz FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı futbolçu dünya çempionatlarında vurduğu qolların sayını 12-yə çatdıraraq venesuelalı Deyna Kastelyanosun on il ərzində yenilənməyən rekordunu geridə qoyub.

Tarixi nəticə oktyabrın 20-də Mərakeşdə qeydə alınıb. Şimali Koreya yığması Polşanı 6:1 hesabı ilə məğlub edib. Yu Çon Hyan dubla imza atıb və künc zərbəsindən sonra başla vurduğu ikinci qol onun üçün rekord xarakteri daşıyıb.

Əvvəlki rekordçu Deyna Kastelyanos 2014-cü ildə keçirilən dünya çempionatında cəmi 14 yaşında olarkən altı qol vurmuşdu. İki il sonra o, daha beş dəfə fərqlənərək ümumi göstəricisini 11-ə çatdırmışdı.

Yu Çon Hyan ötən il Mərakeşdə keçirilən dünya çempionatında özünü parlaq şəkildə göstərib. O, səkkiz qol vuraraq bir turnir üzrə məhsuldarlıq rekordunu təkrarlamış, Şimali Koreyanın dünya çempionu olmasına kömək etmiş və iki fərdi mükafata — “Qızıl buts” və “Qızıl top”a layiq görülüb.

Bu il isə gənc hücumçu tarixə düşmək üçün cəmi iki oyuna ehtiyac duyub. Əvvəlcə Puerto-Riko ilə görüşdə iki qol vurub, daha sonra Polşa ilə qarşılaşmada da dubla imza atıb.

“Bugünkü oyundan çox razıyam. Bu qədər qol vurduğum üçün əlbəttə ki, sevinirəm. Amma komandamın qələbəsinə kömək edə bildiyim üçün daha çox xoşbəxtəm”, - deyə rekordçu FİFA-ya müsahibəsində bildirib.

Maraqlıdır ki, Şimali Koreya millisinin daha bir futbolçusu Kim Von Sim də tarixi göstəriciyə yaxınlaşıb. O, 2025-ci ilin dünya çempionatında yeddi, hazırkı mundialda isə artıq dörd qol vurub. Beləliklə, onun ümumi göstəricisi 11-ə yüksəlib və əvvəlki rekordçu Kastelyanosun nəticəsinə bərabər olub.

İki turdan sonra Şimali Koreya yığması 12:1 top fərqi ilə iki qələbə qazanaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Komandanın baş məşqçisi Çi Yun Nam yetirməsinin nailiyyətini yüksək qiymətləndirərək onun gələcəkdə daha da güclü futbolçu olmaq potensialına malik olduğunu vurğulayıb.

Şimali Koreya millisinin növbəti rəqibi Nigeriya olacaq.

İdman.Biz