Lamin Yamala iki dəfə başla zərbə vuran “Betis”in futbolçusu dörd oyunluq cəzalandırıldı

21 Oktyabr 2026 21:54
109
Lamin Yamala iki dəfə başla zərbə vuran “Betis”in futbolçusu dörd oyunluq cəzalandırıldı

İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi Fakundo Bernal La Liqanın doqquzuncu turunda “Barselona”nın futbolçusu Lamin Yamala qarşı aqressiv davranışına görə dörd oyunluq diskvalifikasiya edilib.

İdman.Biz xəbər verir ki, müvafiq qərarı İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi qəbul edib.

Hadisə oktyabrın 17-də keçirilən və Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 54-cü dəqiqəsində yaşanıb. Bundan bir qədər əvvəl “Betis” hesabı bərabərləşdirmişdi – 2:2.

Hakimin protokoluna əsasən, 23 yaşlı uruqvaylı futbolçu oyun dayandırıldığı vaxt Yamaldan boğazından tutaraq onun üzünə ardıcıl iki dəfə başla zərbə endirib. Baş hakim Rikardo de Burqos Benqoetçea Bernala birbaşa qırmızı vərəqə göstərib.

Yamal isə qarşıdurmadan əvvəl rəqibini itələdiyinə görə sarı vərəqə alıb. “Barselona”nın futbolçusunun tibbi yardıma ehtiyacı olmayıb və o, oyunu davam etdirə bilib.

İntizam Komitəsi Bernalın hərəkətini rəqibə hücum kimi qiymətləndirib. RFEF-in intizam qaydalarının 103.1-ci maddəsinə əsasən, belə pozuntuya görə dörd oyundan on iki oyunadək diskvalifikasiya nəzərdə tutulur. Uruqvaylı futbolçuya minimum cəza tətbiq edilib.

“Betis” hakimin protokoluna etiraz edərək orada münaqişənin bütün məqamlarının və Yamalın hərəkətlərinin kifayət qədər əks olunmadığını bildirib. Lakin videoyazını araşdıran İntizam Komitəsi klubun arqumentlərini qəbul etməyib.

Sevilya təmsilçisi qərardan Apellyasiya Komitəsinə şikayət edəcəyini açıqlayıb.

Bundan başqa, “Betis”in idman direktoru Manu Faxardo qeyri-idman davranışına görə iki oyunluq diskvalifikasiya edilib və cərimələnib.

Bernalın La Liqada “Selta”, “Malaqa” və “Elçe”yə, İspaniya Kubokunda isə “Navalkarnero”ya qarşı görüşləri buraxacağı gözlənilir. Cəza dəyişməsə və bu oyunlarda çəkilsə, futbolçu noyabrın 22-də keçiriləcək Sevilya derbisinə qayıda biləcək.

Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçinin meydandan qovulmasından sonra “Barselona” daha üç qol vuraraq 5:2 hesablı qələbə qazanıb.

İdman.Biz