“Sabah”ın sabiq kapitanı: "Komandanın uğurları təsadüfi deyil, zamanla əldə olunub"

21 Oktyabr 2026 21:05
137
“Sabah”ın sabiq kapitanı: "Komandanın uğurları təsadüfi deyil, zamanla əldə olunub"

“Sabah”ın sabiq kapitanı, hazırda Özbəkistanın “Soqdiana” klubunda çıxış edən Filip İvanoviç Bakı təmsilçisinin Çempionlar Liqasındakı çıxışı barədə danışıb.

İdman.Biz xəbər verir ki, serbiyalı müdafiəçi Sportal.az-a müsahibəsində “Sabah”ın Dortmund “Borussiya”sına qarşı keçirdiyi oyunu, komandanın inkişafını və gələcək planlarını şərh edib.

- “Sabah” Çempionlar Liqasının üçüncü turunda “Borussiya” ilə matçda heç-heçə edə bilərdi. Amma sonda 1:2 hesabı ilə məğlub oldu. “Sabah”ın performansını necə dəyərləndirirsən?

- Real yanaşsaq, “Borussiya” böyük klubdur və mənə elə gəlir ki, dünən onlar qələbə qazanmaq üçün tam lazım olan qədər güc sərf etdilər. Lakin bu, “Sabah” oyunçularının fədakarlığını və rəqabət aparmaq istəyini azaltmır. Bu, böyük təcrübədir. “Sabah”ın güclü rəqiblə bərabər səviyyədə mübarizə apardığı növbəti oyun oldu.

- “Sabah”ın “Borussiya”dan xal alacağına inanırdın?

- “Borussiya”dan xal almaq qələbəyə bərabər olardı. Hər halda, söhbət yüksək fərdi keyfiyyətlərə malik, hər il avrokuboklarda iştirak edən bir klubdan gedir və belə bir oyunda xal qazanmağa ümid etmək çox çətindir. Hər şeyə baxmayaraq, “Sabah” sonadək oyunun içində qaldı, mübarizə apardı.

- “Sabah”ın qısa müddətdə bu cür oynamasının sirri nədir? Valdas Dambrauskasın işini necə qiymətləndirirsən?

- Bəlkə də uğur və nəticə indi göz qabağındadır, lakin bu səviyyəyə çatmaq üçün klubdakı insanların illər ərzində nələrdən keçdiyini yalnız özləri bilir. Elə bir məqam yetişdi ki, klub rəhbərliyi öz sisteminə uyğun komanda və oyunçu profillərini seçən yüksək səviyyəli bir məşqçini dəvət etdi. “Sabah”ın uğurları təsadüfi deyil, zamanla əldə olunub.

- Yəqin ki, “Sabah”ın sabiq kapitanı kimi indiki komandada yer almaq istəyərdin?

- Keçmiş kapitan kimi, komandanın bu səviyyəyə çatmasına görə çox şadam. Mən “Sabah”ı həmişə öz evim və ailəm hesab etmişəm. Hazırkı məqamda bu, real deyil, çünki indiki klubumla müqaviləmi daha 2 il müddətinə uzatmışam. Amma etiraf edim ki, karyeramı “Sabah”da başa vurmaq istəyirəm.

- Səncə, “Sabah” yenə də hansısa rəqibi məğlub edə biləcək? Növbəti rəqib Norveçdə “Vikinq”ə qarşıdır...

- “Vikinq” də yaxşı komandadır. Norveç klubu evdə də uğurlu çıxış edir. Amma “Sabah”ın gücünü görürük, həqiqətən yaxşı futbol oynayan komandadır. Ümidvaram ki, “Vikinq” səfərində uğurlu nəticə olacaq.

İdman.Biz