Bakının “Sabah” klubunun müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra böyük məyusluq yaşadığını etiraf edib.
İdman.Biz Polşanın Kanał Sportowy nəşrinə istinadən xəbər verir ki, Polşa millisinin futbolçusu Azərbaycan təmsilçisinin Almaniya nəhəngindən xal ala biləcəyini düşünür.
“Qalib gəldiyimiz “Slaviya” ilə oyun mənə daha çox sevinc bəxş etmişdi. Dünən isə içimdə bir boşluq hiss edirdim. Çünki həmin gün heç-heçə edə biləcəyimizi anlayırdım”, – deyə Puxaç bildirib.
Müdafiəçi bununla yanaşı, “Borussiya” futbolçularının yüksək fərdi ustalığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Almaniya klubu daha çox qol vəziyyəti yaradıb və yəqin ki, qələbəyə layiq olub. Lakin hesab 1:2 olarkən “Sabah”ın bərabərlik qolunu vurmaq üçün yüzfaizlik imkanı yaranıb və komanda bundan istifadə edə bilməyib.
Maraqlıdır ki, Puxaç özü qarşılaşmanın diqqətçəkən oyunçularından biri olub. 39-cu dəqiqədə onun cərimə zərbəsindən dəqiq ötürməsini Eyden Makkarti başla tamamlayaraq Qreqor Kobelin qoruduğu qapıya yol tapıb. Bu, polşalı müdafiəçinin Çempionlar Liqasının əsas mərhələsində ilk məhsuldar ötürməsi olub.
Şəxsi uğuruna baxmayaraq, futbolçu komandanın nəticələrinin onun üçün fərdi göstəricilərdən daha vacib olduğunu vurğulayıb.
Xatırladaq ki, oktyabrın 13-də “Sabah” Praqa “Slaviya”sını 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Polşa nəşri həmçinin qeyd edir ki, cari mövsüm Puxaçın karyerasının ən uğurlu dövrü ola bilər. Müdafiəçi Çempionlar Liqasında debüt edib, uzun fasilədən sonra Polşa millisinə qayıdıb və artıq “Sabah”ın heyətində bütün turnirlər üzrə yeddi məhsuldar ötürmə verib.
