Gürcüstan futbolunda ağır itki baş verib. Milli komandanın sabiq kapitanı, PSJ-nin ulduzu Xviça Kvaratsxeliyanın keçmiş məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib.
İdman.Biz Gürcüstan mediasına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçinin ölüm səbəbi hələlik rəsmən açıqlanmayıb.
Nemsadze Gürcüstan futbolunun tanınmış simalarından biri olub. O, 1992-2004-cü illərdə milli komandanın heyətində 69 oyun keçirib. Bu qarşılaşmaların 42-də kapitan sarğısını daşıyıb.
Futbolçu karyerasına Tbilisi “Dinamo”sunda başlayan Nemsadze müxtəlif illərdə ölkəsinin “Quriya”, “Şevardeni” və “Lokomotiv” klublarında da çıxış edib. O, Almaniyanın “Hamburq”, Türkiyənin “Trabzonspor”, İsveçrənin “Qrasshoppers”, İtaliyanın “Reccana” və Şotlandiyanın “Dandi” komandalarının formasını geyinib.
1996/1997 mövsümündə “Trabzonspor”da çıxış edən yarımmüdafiəçi Türkiyə Superliqasında 32 oyuna bir qol vurub. Şotlandiyanın “Dandi” klubunda isə kapitanlıq edib.
Nemsadze Gürcüstan çempionatının dördqat qalibi olub. O, Türkiyə çempionatında da mükafatçılar sırasına düşüb.
Peşəkar futbolçu karyerasını Tbilisi “Dinamo”sunda başa vuran Nemsadze 2011-ci ilin martında həmin klubun idman direktoru təyin edilib. Təxminən ilyarım sonra vəzifəsindən ayrılaraq məşqçiliyə başlayıb.
Mütəxəssis müxtəlif dövrlərdə “Şevardeni”, Qori “Dila”sı və Tbilisi “Dinamo”sunun baş məşqçisi olub. O, 2020-2021 mövsümündə paytaxt klubuna rəhbərlik edib.
Nemsadzenin məşqçilik karyerasının diqqətçəkən məqamlarından biri Xviça Kvaratsxeliya ilə bağlıdır. O, 2017-ci ildən ölkənin U-17 millisinin baş məşqçisi kimi çalışıb. Həmin dövrdə hazırda PSJ-də çıxış edən Kvaratsxeliya və onun nəslindən olan digər gənc futbolçular Nemsadzenin rəhbərliyi altında məşq ediblər.
Mütəxəssis son dövrlərdə Gürcüstanın U-18 millisinin baş məşqçisi vəzifəsini tutub.
Nemsadzenin vəfatı ilə əlaqədar Türkiyənin “Trabzonspor” klubu da rəsmi başsağlığı yayıb. Klub keçmiş futbolçusunun ailəsinə, yaxınlarına və futbol ictimaiyyətinə başsağlığı verib.
Türkiyə təmsilçisinin açıqlamasına əsasən, Giorgi Nemsadze oktyabrın 23-də Gürcüstanda dəfn olunacaq.
