UEFA FIFA-nın idarəetmə və qərar qəbuletmə prosesləri ilə bağlı bir sıra ciddi suallar qaldıraraq dünya futbol qurumundan müvafiq sənədlərin təqdim edilməsini tələb edib.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, UEFA FIFA-ya noyabrın 2-dək vaxt verib. Tələblər qurumun baş katibi Teodor Teodoridisin göndərdiyi məktubda əksini tapıb.
BBC Sport-un əldə etdiyi sənəddə FIFA-nın bir sıra fundamental suallara cavab vermədiyi vurğulanıb:
“Bəzi suallar hələ də cavabsız qalır, tələb olunan məlumat və sənədlər isə təqdim edilməyib”.
Səkkiz səhifəlik suallar toplusunda FIFA Forward Enterprise (FFE) layihəsinə özəl investisiyaların cəlb edilməsi, FIFA-nın Sülh mükafatı və dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloquna verilən mübahisəli şərti cəza da yer alıb.
UEFA-nın məktubunda FFE layihəsindən imtina edilməsinin və mümkün idarəetmə islahatlarının elan olunmasının əvvəlki qərarlarla bağlı sualları aradan qaldırmadığı qeyd edilib:
“FFE layihəsindən imtina, səhvlərin etiraf edilməsi və mümkün idarəetmə islahatlarının elan olunması müvafiq qərarların necə qəbul edildiyini və FIFA Şurasının niyə lazımi mərhələdə prosesə cəlb olunmadığını izah etmir”.
Avropa futbol qurumu tələb olunan məlumatların gizlədilməsinin hər bir halda ayrıca əsaslandırılmalı olduğunu da diqqətə çatdırıb:
“Bu suallar indi cavablandırılmalıdır. Onları FIFA Şurasının növbəti iclasına qədər təxirə salmaq olmaz. Gələcək idarəetmə islahatları artıq qəbul edilmiş qərarların araşdırılmasını və onlara görə məsuliyyətin müəyyənləşdirilməsini əvəz edə bilməz”.
Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino ötən həftə qurumun Şurasının iclasında dünya çempionatı ilə bağlı kommersiya planına görə üzr istəyib. Lakin təşəbbüsün hansı şəraitdə hazırlandığı barədə ətraflı izahat verməyib.
İngiltərə Futbol Assosiasiyasının sədri, FIFA-nın vitse-prezidenti Debbi Hyuitt isə İnfantinonun sualları cavablandırmaması halında onun FIFA prezidenti vəzifəsinə uyğunluğunun şübhə altına düşəcəyini bildirib.
UEFA müəyyənləşdirilən müddətdə cavab almayacağı təqdirdə hansı addımları atacağını açıqlamayıb. FIFA-dan isə məsələyə münasibət istənilib.
