İllər əvvəl “Sabah”ın futbolçusundan forma istəmişdi, indi Çempionlar Liqasında qarşılaşdılar

15 Oktyabr 2026 01:16
95
İllər əvvəl “Sabah”ın futbolçusundan forma istəmişdi, indi Çempionlar Liqasında qarşılaşdılar

“Sabah”ın polşalı futbolçusu Timoteuş Puxaçla Praqa “Slaviya”sının yarımmüdafiəçisi Viktor Novak arasında UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turundan sonra maraqlı hadisə yaşanıb.

İdman.Biz Polşa mediasına istinadən xəbər verir ki, Novak 2021-ci ildə Puxaça sosial şəbəkədə şəxsi mesaj göndərərək ondan forma istəyib.

Həmin vaxt “Zniç Pruşkuv”un yeniyetmə futbolçusu olan Novakın müraciəti cavabsız qalıb. Puxaç isə sonradan silinən həmin mesajı saxlayıb.

Beş il sonra futbolçular Çempionlar Liqasında üz-üzə gəliblər. “Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə Puxaç 90 dəqiqə meydanda olub. Novak isə ikinci hissədə oyuna qoşulub. “Slaviya”nın digər polşalı futbolçusu Oskar Kubiak da qarşılaşmada iştirak edib.

Final fitindən sonra Puxaçla Novak formalarını dəyişiblər. “Sabah”ın futbolçusu daha sonra Instagram hesabında 2021-ci ildə aldığı mesaja zarafatla cavab verərək birgə fotolarını paylaşıb:

“Salam! Formanı göndərmək mümkün deyil, amma Çempionlar Liqasında dəyişə bilərik”.

Xatirə fotosunda Puxaç və Novakla yanaşı, Oskar Kubiak da yer alıb.

İdman.Biz