“Real Madrid”in futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının tarixində ən çox qol vuran beş futbolçudan biri olub.
İdman.Biz xəbər verir ki, fransalı hücumçu turnirin liqa mərhələsinin ikinci turunda İtaliyanın “Roma” klubuna qarşı keçirilən görüşdə fərqlənərək qollarının sayını 72-yə çatdırıb.
Mbappe qarşılaşmanın 25-ci dəqiqəsində rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.
Bu qolla 27 yaşlı hücumçu Çempionlar Liqasında 71 dəfə fərqlənmiş “Real Madrid”in əfsanəvi futbolçusu Raul Qonsalesi geridə qoyub.
Turnirin tarixi bombardirlər siyahısına 140 qolla Kriştianu Ronaldu başçılıq edir. Lionel Messi 129 qolla ikinci, Robert Levandovski 107 qolla üçüncü, Kərim Benzema isə 90 qolla dördüncü yerdə qərarlaşıb. Mbappe 72 qolla ilk beşliyi tamamlayır.
Fransalı futbolçunun növbəti hədəfi Benzemanın göstəricisidir. Mbappenin ona çatması üçün daha 18 qol vurması lazımdır.
