İspaniyada oktyabrın 25-də keçiriləcək “Barselona” - “Real” qarşılaşması ərəfəsində hakimlərlə bağlı gərginliyin artacağı gözlənilir.
İdman.Biz “Cadena SER” radiosuna istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Texniki Hakimlər Komitəsi (CTA) Madrid klubunun “El-Klasiko” öncəsi hakimlərə təzyiqi gücləndirə biləcəyindən narahatdır.
Məlumata görə, hakimlər arasında “Real”ın iştirak etdiyi oyunlar ətrafında yaranan vəziyyət ciddi narahatlıq doğurur.
“Hakimlər arasında “Real”ın hər oyunu ətrafında baş verənlər - klub daxilində, tribunalarda, mediada və ümumilikdə yaranan atmosfer narahatlıq doğurur. Texniki Hakimlər Komitəsində hesab edirlər ki, “Real”ın hakimlərin onlara qarşı qərəzli davranmasına dair inamından qaynaqlanan gərginlik qarşıdakı iki həftədə daha da arta bilər. Çünki “El-Klasiko” yaxınlaşır. Hakimlər artan bu skeptik münasibətin davam edəcəyindən ehtiyatlanırlar. Onlar bunun nə vaxt və hansı formada özünü göstərəcəyini bilmirlər”, – deyə mənbə bildirib.
Qeyd edək ki, La Liqanın onuncu turu çərçivəsində keçiriləcək “Barselona” - “Real” matçı oktyabrın 25-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
