Lionel Messinin 2026-cı il “Qızıl top” mükafatlandırma mərasimində iştirak edəcəyi ilə bağlı şayiələr yayılıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə argentinalı ulduzun mərasimə qatılacağı barədə müzakirələr artıb. Bu isə onun mükafat uğrunda mübarizədə ilk üçlükdə, hətta ilk beşlikdə yer ala biləcəyi ilə bağlı ehtimalları gücləndirib.
Vyetnamın “Tuoi Tre” nəşrinin məlumatına görə, oktyabrın 11-də 2026-cı il “Qızıl top” mükafatı üzrə səsvermənin nəticələrini əks etdirdiyi iddia olunan siyahı yayılıb. Siyahıda “Barselona”nın futbolçusu Lamin Yamal 670 xalla birinci, Lionel Messi isə 546 xalla ikinci göstərilib. Kilian Mbappe 401 xalla üçüncü, Harri Keyn 342 xalla dördüncü, Maykl Olise isə 300 xalla beşinci pillədə qərarlaşıb.
Sözügedən siyahını Argentina mətbuatından “Vermouth Deportivo” və “El Intransigente” nəşrləri də yayımlayıb. Bununla belə, səsvermənin nəticələrini təsdiqləyən rəsmi sənəd və ya etibarlı mənbə təqdim edilməyib. Nəşrlər də siyahının təsdiqlənmədiyini vurğulayıblar.
Messinin mərasimdə iştirak edəcəyi ilə bağlı məlumatlar da hələlik rəsmi təsdiqini tapmayıb. Argentina mətbuatının yazdığına görə, “Qızıl top”un rəsmi sosial şəbəkə hesabında səsvermə başa çatdıqdan sonra Messinin “İnter Mayami”nin heyətində vurduğu üç qolu əks etdirən video paylaşılıb. Bu paylaşım da argentinalı futbolçunun mümkün qələbəsi ilə bağlı fərziyyələrə səbəb olub.
Sosial şəbəkələrdə iki ehtimal geniş müzakirə olunur: ya Messi doqquzuncu “Qızıl top”unu qazanmağa hazırlaşır, ya da mükafatı şəxsən Lamin Yamala təqdim edəcək.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatı üzrə səsvermə sentyabrın 28-də başa çatıb. Qaliblərin oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə elan olunacağı bildirilir.
