“Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge komandanın futbolçuları harri Keyn və Maykl Olisenin Münhen klubunda uzun müddət qalacağına əminliyini ifadə edib.
İdman.Biz Almaniya mediasında istinadən xəbər verir ki, Rummenigge hər iki futbolçunun müqaviləsinin uzadılacağını bildirib.
“Onların hər ikisi uzun müddət “Bavariya”da çıxış etmək niyyətindədir. Ümid edirəm və hətta buna tam əminəm ki, Harri tezliklə müqaviləsini uzadacaq. Ardınca isə Mayklın da eyni addımı atacağını gözləyirəm. İstərdim ki, o, daha uzun illər “Bavariya”da qalsın.
Biz “Bavariya”da Harri Keyn və Maykl Olise kimi iki futbolçuya sahib olduğumuz üçün özümüzü çox şanslı saya bilərik. Onların hər ikisi “Qızıl top” mükafatına əsas namizədlər sırasındadır. Bunlar dünya səviyyəli futbolçulardır və belələri hər zaman tapılmır. Onlar uzun müddətdir komandamız üçün son dərəcə vacib rol oynayırlar”, - deyə Rummenigge vurğulayıb.
Qeyd edək ki, Maykl Oliseni heyətinə qatmaq üçün bir-neçə klub Münhen klubunda baş verənləri diqqətlə izləyir. Olisenin potensial müştəriləri arasında liderlik edən "Real Madrid" futbolçunun transferində israrlı görünür.
