Ferqusonun illər sonra peşmanlığı: “Qvardiolanı razı salmaq üçün hər şeyi edərdim”

8 Oktyabr 2026 23:57
93
Ferqusonun illər sonra peşmanlığı: “Qvardiolanı razı salmaq üçün hər şeyi edərdim”

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferquson vaxtilə Pep Qvardiolanı komandaya gətirə bilmədiyi üçün peşman olduğunu etiraf edib.

İdman.Biz “Mirror” nəşrinə istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis “Games of My Life” (Həyatımın oyunları - red) adlı kitabında 2012-ci ildə Nyu-Yorkda Qvardiola ilə görüşünü xatırlayıb.

“Son on ildə tez-tez düşünmüşəm ki, görəsən, 2012-ci ildə Nyu-Yorkda Peplə şam yeməyimiz bir neçə ay əvvəl baş tutsaydı, nə olardı? Həmin vaxt karyeramı bitirmək barədə hələ qəti qərar verməmişdim. Pep isə İspaniyada dörd il ərzində qazandığı böyük uğurlardan və Çempionlar Liqasındakı qələbələrdən sonra özünü “Bavariya” ilə Bundesliqada sınamaq istəyirdi”.

Ferquson keçmişə qayıtmaq imkanı olsaydı, Qvardiolanı razı salmaq üçün daha çox çalışacağını bildirib.

“Zamanı geri qaytarmaq mümkün olsaydı, onunla bir neçə ay əvvəl şam edərdim. Daha çox “Tignanello” şərabı süzər və gələcəyinin Mançesterdə olduğuna inandırmaq üçün əlimdən gələni edərdim. Təəssüf ki, sonda elə də oldu. Bu, hər şeyi izah edir”, - deyə Ferquson vurğulayıb.

Qeyd edək ki, Ferquson 1986-cı ilin noyabrından 2013-cü ilin mayına qədər “Mançester Yunayted”ə rəhbərlik edib. Qvardiola isə 2016-cı ildə şəhərin digər təmsilçisi “Mançester Siti”nin baş məşqçisi təyin olunub və burada on mövsüm çalışıb.

İdman.Biz