Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın ilk ev oyununu izləmək üçün Bakıya gələcək.
İdman.Biz Sportify.az-a istinadən xəbər verir ki, Şener oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya Praqa” qarşılaşmasına paytaxt klubunun dəvəti əsasında qatılacaq.
Lakin türkiyəli şərhçi bu dəfə matçı heç bir telekanal üçün şərh etməyəcək.
Məlumata görə, “Sabah” rəhbərliyi Çempionlar Liqasındakı ilk ev oyunu ərəfəsində xüsusi şou-proqram hazırlayıb. Tədbirin beynəlxalq mediada daha geniş işıqlandırılması məqsədilə xaricdən tanınmış inflüenserlərin dəvət olunması qərara alınıb. Ertem Şener də dəvət olunan simalar arasındadır.
Qeyd edək ki, türkiyəli şərhçi ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı oyunları ilə əlaqədar Bakıya səfər edib və qarşılaşmaları “Sport TV” vasitəsilə şərh edib.
“Sabah” – “Slaviya Praqa” görüşü oktyabrın 13-də saat 20:45-də başlayacaq.
