Lotar Matteus “Sabah” - “Borussiya” oyunu ilə bağlı proqnozunu açıqladı

7 Oktyabr 2026 19:02
130
Lotar Matteus “Sabah” - “Borussiya” oyunu ilə bağlı proqnozunu açıqladı

Almaniya millisinin heyətində futbol üzrə dünya çempionu olmuş və hazırda cüdo üzrə dünya çempionatı üçün Bakıda olan Lotar Matteus Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın Dortmund “Borussiya”sı ilə keçirəcəyi matç barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Almaniya yığmasının keçmiş kapitanı jurnalistlərə açıqlamasında Dortmund klubunu qarşılaşmanın favoriti hesab edib, lakin nəticənin meydanda müəyyənləşəcəyini vurğulayıb.

“Düşünürəm ki, Almaniya komandası favoritdir. Lakin bu futboldur və burada bütün 90 dəqiqəni oynamaq lazımdır. Cüdoda mübarizə cəmi dörd dəqiqə çəkir, amma sonda kimsə qalib gəlməlidir. “Borussiya”nın keyfiyyəti, büdcəsi və azarkeş dəstəyi var. Düşünürəm ki, onların daha güclü futbolçuları var”, – deyə Matteus bildirib.

Əfsanəvi alman futbolçu “Qarabağ”ın Avropa arenasındakı uğurlu çıxışlarını da xatırladaraq, Azərbaycan klublarının ciddi nəticələr əldə etməyə qadir olduğunu qeyd edib.

“Siz artıq Azərbaycanın başqa bir komandasının timsalında gördünüz ki, kollektiv oyunda komanda vahid bir orqanizm kimi hərəkət edəndə nələr mümkündür. Düşünürəm ki, “Qarabağ” son illərdə özünü çox yaxşı tərəfdən göstərib. İndi isə Çempionlar Liqasında ikinci komandanız var. Hesab edirəm ki, bu, Azərbaycan futbolu üçün çox yaxşıdır və onun doğru istiqamətdə irəliləməsinə kömək edir”, – deyə Matteus fikrini yekunlaşdırıb.

Qeyd edək ki, “Sabah” 20 oktyabrda Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sını qəbul edəcək.

İdman.Biz