Almaniya Futbol İttifaqının (DFB) rəhbəri Bernd Noyendorf FIFA prezidenti Canni İnfantinonu sərt şəkildə tənqid edib.
İdman.Biz "Bild"ə istinadən xəbər verir ki, Noyendorf İnfantinonun FIFA prezidenti vəzifəsində daha çox qalmasının yolverilməz olduğunu bildirib.
O, Almaniya Futbol İttifaqının İcraiyyə Komitəsinin martda keçiriləcək FIFA Konqresində İnfantinonun yenidən seçilməsini dəstəkləməmək barədə yekdilliklə qərar qəbul etdiyini açıqlayıb.
"Canni İnfantino artıq FIFA prezidenti vəzifəsində qalmaq hüququna malik deyil. Onun hərəkətləri futbola ciddi ziyan vurub. Mən şəxsən çoxdan ondan məsafə saxlamışam. Almaniya Futbol İttifaqının İcraiyyə Komitəsi FIFA-nın mart konqresində İnfantinonun yenidən seçilməsini dəstəkləməmək barədə rəsmi və yekdilliklə qərar qəbul edib.
Almaniya Futbol İttifaqında hər kəs yekdildir ki, son dünya çempionatı zamanı və ondan sonra baş verən hadisələr səbəbindən Canni İnfantino etimadı tamamilə itirib. Biz onu rəhbərlikdən uzaqlaşdırmağa borcluyuq", - deyə Noyendorf açıqlamasında vurğulayıb.
