Portuqaliya millisinin sabiq futbolçusu Uqu Porfiriu karyerasını başa vurduqdan sonra “Uber” sürücüsü kimi fəaliyyət göstərir.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, 53 yaşlı keçmiş futbolçunun 2007/08 mövsümündə karyerasını bitirdikdən sonrakı həyatı əsasən idmandan uzaq olub. O, 2011/12 və 2012/13 mövsümlərində “Sportinq”də və klubun əvəzedici komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Hazırda Porfiriunun “Uber” sürücüsü kimi işləyır. Portuqaliyalı bloqer Andre Ramalyu da bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, özü və dostu bir vaxtlar futbol əfsanələri ilə eyni soyunub-geyinmə otağını bölüşən Porfiriunun onları avtomobillə apardığını görərək təəccübləniblər.
Uqu Porfiriu futbolçu karyerası ərzində “Sportinq”, “Vest Hem”, “Benfika”, “Nottingem Forest” və “Ən-Nəsr” kimi klublarda çıxış edib.
O, Portuqaliya millisində 3 oyun keçirib. Porfiriu 1996-cı il Avropa çempionatında Portuqaliya yığmasının heyətində yer alıb və qrup mərhələsində Türkiyə ilə matçda (1:0) meydana çıxıb.
Həmin il o, ABŞ-də keçirilən Olimpiya Oyunlarında da Portuqaliyanın olimpiya komandasının formasını geyinib. Portuqaliya yarımfinala yüksəlib, üçüncü yer uğrunda görüşdə isə Braziliyaya məğlub olub.
