“Real”ın televiziyasından VAR-a etiraz: külək “Barselona”nın xeyrinə əsir - VİDEO

29 Noyabr 2026 12:31
44
“Real”ın televiziyasından VAR-a etiraz: külək “Barselona”nın xeyrinə əsir - VİDEO

İspaniyanın “Real” futbol komandasının rəsmi televiziyası La Liqanın 14-cü turunda “Alaves”lə keçirilən və 1:2 hesablı məğlubiyyətlə nəticələnən qarşılaşmada VAR hakimlərinin fəaliyyətini tənqid edib.

İdman.Biz xəbər verir ki, klub televiziyasının aparıcıları görüşün 86-cı dəqiqəsində Cud Bellinqemin rəqibin cərimə meydançasında yerə yıxıldığı epizoda xüsusi diqqət ayırıblar.

Baş hakim Sezar Soto Qrado əvvəlcə penalti təyin etsə də, videotəkrara baxdıqdan sonra qərarını dəyişib və simulyasiyaya görə ingiltərəli futbolçuya sarı vərəqə göstərib. Bu, Bellinqemin qarşılaşmada ikinci sarı vərəqəsi olduğundan yarımmüdafiəçi meydandan qovulub.

Madrid təmsilçisinin televiziyasında sözügedən epizod “Barselona”nın “Levante” ilə qarşılaşmasında Lamin Yamalın yerə yıxılmasından sonra təyin olunan penalti ilə müqayisə edilib.

Aparıcılar “Real”ın məğlubiyyətində bütün məsuliyyəti hakimin üzərinə qoymadıqlarını, lakin Bellinqemlə bağlı epizodun Yamalın qazandığı penaltidən daha əsaslı göründüyünü bildiriblər.

VAR hakimlərinin Soto Qradoya təqdim etdikləri görüntülərin rakursları da narazılıq doğurub. Klub televiziyasının nümayəndələri epizodun öndən daha aydın göründüyünü, lakin baş hakimə yalnız uzaq məsafədən çəkilən yan görüntünün təqdim olunduğunu vurğulayıblar.

Qeyd edək ki, “Alaves”lə ev qarşılaşmasında 0:2 hesabı ilə geri düşən “Real” 69-cu dəqiqədə Kilian Mbappenin qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.

İdman.Biz