“Sabah” Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Slaviya”nı qəbul edəcək. Praqa klubunun rəsmi saytı Bakıya səfər edəcək azarkeşlər üçün qarşılaşma ilə bağlı ətraflı məlumat yayıb.
İdman.Biz xəbər verir ki, “Slaviya”nın qonaq azarkeşləri üçün stadionda 3 min 675 yer ayrılıb. Biletlərin satışı oktyabrın 5-dən başlayıb və oktyabrın 7-si saat 20:00-dək davam edəcək. Bir biletin qiyməti 740 Çex kronudur (58 manat).
Biletlər təsdiqlənmiş hesaba ehtiyac olmadan “Slaviya”nın rəsmi saytı və mobil tətbiqi vasitəsilə vauçer formasında satılır. Bir nəfər eyni vaxtda maksimum 6 bilet ala bilər. Alış başa çatdıqdan sonra biletlər vauçerin əldə edildiyi e-poçt ünvanına göndəriləcək. Biletlərin paylanması oktyabrın 8-dən 11-dək həyata keçiriləcək.
Praqa klubunun azarkeşlərinə Azərbaycana giriş üçün viza tələb olunduğu da xatırladılıb. “Slaviya” Çexiya vətəndaşlarına rəsmi dövlət portalı vasitəsilə elektron viza – “ASAN Visa” əldə etməyi tövsiyə edib.
Qeyd olunub ki, Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatla, xüsusilə metro ilə Koroğlu stansiyasından getmək mümkündür.
Qonaq sektoruna daxil olmaq üçün bileti mobil telefonda göstərmək kifayətdir və onu çap etməyə ehtiyac yoxdur. Azarkeşlərin stadiona maksimum A4 ölçülü çanta ilə daxil olmasına icazə veriləcək.
Stadiona böyük çanta və baqaj, silah, narkotik vasitələr, spirtli içkilər, pirotexnika, dron, lazer, tezalışan maddələr, dəyənəklər, musiqi alətləri, meqafon, kompüter, peşəkar kamera və heyvan gətirmək qadağandır. Yalnız bir təbilə icazə veriləcək.
Stadionda siqaret çəkmək qadağandır, bununla belə, xüsusi ayrılmış yerlər mövcuddur. Arena ərazisində spirtli içkilərin satılmayacağı da bildirilib.
“Slaviya” azarkeşləri fövqəladə hallar zamanı Çexiyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
