Türkiyə millisinin baş məşqçisi Vinçenso Montellanın vəzifəsindən ayrılacağı halda alacağı təzminatın məbləği məlum olub.
İdman.Biz “Haberler”ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin müqaviləsindəki bəndə əsasən, təzminat yalnız üç aylıq maaşla məhdudlaşır. Bu məbləğ təxminən 550 min avro (təxminən 1 milyon AZN) təşkil edir.
Montellanın Türkiyə Futbol Federasiyası ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Son dəyişiklikdən sonra onun illik maaşının 2,2 milyon avro, aylıq gəlirinin isə təxminən 183 min avro olduğu bildirilir.
Daha əvvəl TFF-nin müqaviləni ləğv edəcəyi halda təxminən beş milyon avro ödəməli ola biləcəyi iddia olunurdu. Lakin son məlumatlara görə, müqavilədəki təzminat bəndi üç aylıq əməkhaqqı ilə məhdudlaşdırılıb.
Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin Montellanın gələcəyi ilə bağlı qərarı çərşənbə axşamı verməsi gözlənilir.
