Səudiyyə Ərəbistanı DÇ-2034 üçün NEOM stadionu layihəsini dayandırır

4 Oktyabr 2026 20:59
100
Səudiyyə Ərəbistanı DÇ-2034 üçün NEOM stadionu layihəsini dayandırır

Səudiyyə Ərəbistanı futbol üzrə 2034-cü il dünya çempionatı üçün nəzərdə tutulan ən iddialı stadion layihələrindən biri olan NEOM arenasının tikintisi planını dayandırmağa hazırlaşır.

İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, layihə ilə tanış olan iki mənbə NEOM stadionunun tikintisinin qeyri-müəyyən müddətə təxirə salındığını bildirib. Arena “The Line” adlı 160 kilometrlik futuristik şəhər layihəsinin tərkib hissəsi kimi planlaşdırılıb.

MEED Projects-in məlumatına görə, 46 min tamaşaçı tutumuna malik stadionun dəyəri təxminən 2,5 milyard dollar qiymətləndirilir və hazırda layihə “gözləmədə” statusundadır. Onun tamamlanma tarixi də göstərilmir.

Səudiyyə Ərəbistanı DÇ-2034 üçün beş şəhərdə ümumilikdə 15 stadionun tikintisi və ya yenidən qurulması üzərində işləyir. Bu layihələrin ümumi dəyərinin 22,7 milyard dollar olduğu bildirilir.

NEOM-un daxil olduğu “The Line” layihəsi artıq əvvəlki prioritet statusunu itirib. NEOM-un sahibi olan Dövlət İnvestisiya Fondunun rəhbəri Yasir Əl-Rumayyan daha əvvəl bu layihənin 2030-cu ilədək tamamlanmasının vacib olmadığını açıqlayıb. Bununla belə, o, layihələrin ləğv edildiyini inkar edib.

2034-cü il dünya çempionatı genişləndirilmiş 48 komandalı formatda bir ölkənin ev sahibliyi edəcəyi ilk mundial olacaq. Səudiyyə Ərəbistanında digər stadion layihələri üzrə işlərin davam etdiyi bildirilir.

İdman.Biz