“Mançester Siti”nin baş sponsoru “Etihad Airways” klubun maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra İngiltərə Premyer Liqasına qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, aviaşirkət müstəqil komissiyanın qərarının yayımlanan redaktə olunmuş versiyada birbaşa adları çəkilməsə də, şirkətin nüfuzuna və işgüzar reputasiyasına mənfi təsir göstərdiyini bildirib.
“Etihad Airways”in mövqeyinə görə, Premyer Liqa rəhbərliyi araşdırma prosesinin heç bir mərhələsində aviaşirkətlə əlaqə saxlamayıb və şirkətə öz mövqeyini müdafiə etmək imkanı yaradılmayıb.
Aviaşirkət “Mançester Siti”nin qərardan apellyasiya şikayəti verməsini dəstəkləyir. “Etihad Airways” həmçinin öz maraqlarını qorumaq üçün hüquqi məsləhətlər almaq niyyətindədir.
