Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin “Erzurumspor”dakı gələcəyi sual altındadır.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunda Türkiyə klubunu tərk edə bilər.
ABŞ-nin “Kolumbus Kryu” klubundan birillik icarə əsasında “Erzurumspor”a keçən forvard indiyədək üç oyunda meydana çıxıb. Axundzadə bu qarşılaşmaların hamısında sonradan oyuna daxil olub və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Türkiyə klubunun məşqçi heyəti Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirdiyi ev oyununu da izləyib. Start heyətində meydana çıxan Axundzadə 77 dəqiqə oynasa da, onun çıxışının “Erzurumspor” rəhbərliyini qane etmədiyi iddia olunur.
Məlumata görə, futbolçu belə performansını davam etdirərsə, “Erzurumspor” mövsümün sonunda onun transfer hüquqlarını almaqdan imtina edə bilər.
Qeyd edək ki, Axundzadə “Amedspor”a 0:3, “Qalatasaray”a 0:4 və “Gənclərbirliyi”nə 1:1 hesabı ilə başa çatan görüşlərdə ümumilikdə 55 dəqiqə meydanda olub.
