Fransisko Konseysao “Yuventus”un əsas futbolçularından birinə çevrildikdən sonra klub onunla yeni müqavilə imzalamaq planlarını nəzərdən keçirir.
İdman.Biz “Tuttosport”a istinadən xəbər verir ki, futbolçunun agenti Jorje Mendeşin ilin sonunadək İtaliyaya gəlməsi gözlənilir. Tanınmış agentin gündəliyində əsas məsələlərdən biri Konseysaonun müqaviləsinin yenilənməsi ilə bağlı danışıqlar olacaq. Mendes vingerin iki ildən çox əvvəl Turinə gətirilməsində də mühüm rol oynayıb.
Portuqaliyalı vinger “Yuventus”a qoşulduqdan sonra müxtəlif məşqçilərin – Tyaqo Mottanın, İqor Tudorun və hazırda Luçano Spallettinin rəhbərliyi altında komandanın vacib üzvü olaraq qalıb.
Kenan Yıldızın yoxluğunda Konseysaonun komandadakı əhəmiyyəti daha da artıb. O, “Atalanta” üzərində qazanılan son matçda hesabı açan qola imza atıb.
Konseysao, hətta Edon Zeqrovanın “Sassuolo” ilə oyunda dubl etməsindən sonra da sağ cinahda əsas heyətdəki yerini faktiki olaraq qoruyub.
“Yuventus”da həmçinin Pyer Kalulu ilə Konseysao arasındakı sağ cinah tandeminin komandanın vacib hissəsinə çevrildiyini düşünürlər.
