Erik Qarsiya Flikin “Barselona”sını Qvardiolanın komandası ilə müqayisə etdi

25 Sentyabr 2026 18:42
89
Erik Qarsiya Flikin “Barselona”sını Qvardiolanın komandası ilə müqayisə etdi

“Barselona”nın futbolçusu Erik Qarsiya Hans Flikin rəhbərliyi altında çıxış edən komandanı Pep Qvardiolanın dövründəki “Barselona” ilə müqayisə edib.

İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, İspaniya millisinin üzvü iki komanda arasında oxşarlıqların olduğunu etiraf etsə də, oyun üslublarının fərqli olduğunu vurğulayıb.

Qarsiya xüsusilə Flikin komandasında pressinqə və aqressiv müdafiəyə böyük önəm verildiyini bildirib:

“Oxşar olsaq da, fərqli oynayırıq. Onlar oyun üzərində tam və mütləq nəzarətə malik idilər. Bir çox mərhələlərdə bizdə də bu var, lakin bizim üçün pressinq çox vacibdir. Topu itirdikdən sonra pressinq etmək, rəqibə daim təzyiq göstərmək, onları boğmaq və çox yüksək müdafiə xətti ilə oynamaq”.

Qarsiya hesab edir ki, məhz bu intensiv yanaşma Flikin “Barselona”sını Qvardiolanın komandasından fərqləndirən əsas xüsusiyyətdir.

“Beləliklə, bu baxımdan biz onlardan bir az fərqlənirik”, – deyə müdafiəçi əlavə edib.

Qeyd edək ki, Qvardiolanın 2008-2012-ci illər arasında çalışdırdığı “Barselona” topa sahib olmağa və oyuna nəzarətə əsaslanan üslubu ilə Avropa futbolunda böyük uğurlar qazanıb. Flikin komandası da hücumameyilli futbol nümayiş etdirir, lakin top itirildikdən sonra onu qısa müddətdə geri qaytarmağa xüsusi önəm verir.

İdman.Biz