Premyer Liqa, La Liqa, A Seriyası və Bundesliqa FIFA-nın idarəçiliyində əsaslı dəyişikliklər tələb edir.
İdman.Biz xəbər verir ki, birgə bəyanatda dörd liqa təşkilat daxilində daha güclü nəzarət və tarazlıq mexanizmlərinin yaradılmasına çağırıb. Onlar həmçinin tənzimləyici, kommersiya və siyasi hakimiyyətin FIFA-da cəmləşməsini tənqid ediblər.
Liqalar milli assosiasiyaların, liqaların, klubların və futbolçuların nümayəndələrinin təmsil olunduğu daimi qərarqəbuletmə qurumunun yaradılmasını istəyirlər. Onlar FIFA-nı mühüm qərarların səbəblərini izah etməyə, tənzimləyici məsuliyyətlərini isə kommersiya fəaliyyətindən ayırmağa çağırıblar.
Bundan əlavə, liqalar intizam məsələlərinin siyasi müdaxilədən qorunmasını təmin etmək üçün müvafiq təminatların verilməsini tələb ediblər.
Bəyanat dördüncü müddətə seçilməyə hazırlaşan FIFA prezidenti Canni İnfantinoya təzyiqi artırır. İnfantino mart ayında keçiriləcək seçkilər ərəfəsində hələlik namizədliyini elan edən yeganə şəxsdir. Namizədlərin öz niyyətlərini bildirməsi üçün son müddət isə noyabrın 18-dir.
Liqalar bütün prezidentliyə namizədləri öz islahat proqramlarını dərc etməyə və ədalətli seçki qaydalarına əməl etməyə də çağırıblar.
