“Real Madrid”in baş məşqçisi Joze Mourinyo məşqçilik metodları və futbolçularla sıx ünsiyyətin vacibliyi barədə danışıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis taktiki fikirlərini və oyun planlarını futbolçularla bölüşməklə yanaşı, onların öz fikir və narahatlıqlarını ifadə etmələrinə də imkan yaratdığını bildirib.
“Mən həmişə futbolçularla yaxşı ünsiyyət saxlamağa çalışıram. Onlara tez-tez deyirəm: ‘Oyun üçün ideyam, strategiyam budur, köməkçilərim və mən oyunu bu cür təhlil edirik və belə oynamaq istəyirik’. Lakin futbolçuların özlərinin nə hiss etməsi çox daha vacibdir: ‘Bunu edə bilərsinizmi? Sizə verdiyim tapşırıqları yerinə yetirə bilirsinizmi? Əgər edə bilmirsinizsə, nə düşündüyünüzü mənə deyin’”, - deyə Mourinyo vurğulayıb.
Mourinyo bu prosesi həm məşqçinin, həm də futbolçuların qərarvermə prosesinə töhfə verdiyi düzgün həll yolunun davamlı axtarışı kimi xarakterizə edib:
“Biz həll yollarını birlikdə axtarırıq. Məşqçinin şad olduğu və özünü rahat hiss etdiyi, eyni zamanda futbolçunun da özünü rahat hiss etdiyi mükəmməl variantı tapmağa çalışırıq. Düşünmürəm ki, bir futbolçu inanmadığı bir şeyi edərsə, bu işə yarayar”.
Portuqaliyalı mütəxəssis liderlə onun meydandakı ideyalarını təmsil edən futbolçular arasındakı münasibətin də fundamental əhəmiyyət daşıdığını vurğulayıb:
“Məhz buna görə də inanıram ki, liderlə onu meydanda təmsil edənlər arasındakı münasibət fundamental əhəmiyyət kəsb edir”.
Mourinyo məşqçilik fəlsəfəsinin insan amilinə əsaslandığını da qeyd edib:
“Yaxşı universitet professorlarımdan birinin dediyi kimi: ‘Siz futbolçuları məşq etdirmirsiniz – siz insanları məşq etdirirsiniz’. Bəli, onlar futbolçudurlar, lakin ilk növbədə insandırlar – bu halda gənc insanlardır. Buna görə də bu işin insani tərəfi son dərəcə vacibdir”.
