Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, keçmiş futbolçu millimizin liderliyini qorumasının vacibliyini qeyd edib.
“Millimiz üçün bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Azərbaycan millisi hazırda qrupun lideridir və bu üstünlüyü son oyunda da qorumaq lazımdır. Rəqibin adına və reytinqinə baxaraq oyunun asan keçəcəyini düşünmək düzgün olmaz. Xüsusilə səfər oyunlarında istənilən rəqib müəyyən çətinlik yarada bilər. Lixtenşteyn müdafiədə sıx oynamağa, boş zonaları bağlamağa və əks-hücumlarla şans axtarmağa çalışacaq”, - deyə Vüqar Nadirov fanat.az-a açıqlamasında deyib.
Nadirov futbolçularımızın fərdi keyfiyyətləri və təcrübəsinin Azərbaycan millisinə üstünlük verdiyini düşünür. Bununla belə, o, hücumların səbirli qurulmasının vacibliyini vurğulayıb:
“Komandamızın əsas üstünlüyü oyuna nəzarət etmək, topa sahib olmaq və rəqibin müdafiəsində boşluqlar yaratmaq bacarığı olmalıdır. Burada əsas məsələ tələsməmək, səbirli oynamaq və hücumlarda düzgün qərarlar verməkdir”.
Sabiq hücumçu erkən qolun görüşün gedişinə təsir edə biləcəyini də bildirib:
“Mənim üçün xüsusilə vacib məqam ilk qoldur. Əgər millimiz erkən qol vura bilsə, rəqib məcburən müdafiədə boşluqlar verəcək”.
Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan qarşılaşması bu gün Vadutsdakı “Reynpark” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
