“Mançester Yunayted” futbol klubu komandanın sabiq baş məşqçisi Ruben Amorimə istefaya göndərilərkən 8,2 milyon funt-sterlinq (9,5 milyon avro) təzminat ödəyib.
İdman.Biz klubun maliyyə hesabatına istinadən xəbər verir ki, Amorimin “Milan”a sürətli keçidi sayəsində İngiltərə klubu daha 8,5 milyon funt-sterlinqə (9,8 milyon avro) qənaət edib.
“Mançester Yunayted” ardıcıl yeddinci ildir ki, zərər edir. 2026-cı ilin iyununda başa çatan maliyyə ilinin yekunlarına əsasən, klubun xalis zərəri əvvəlki ildəki 33 milyon funt-sterlinqlə (38 milyon avro) müqayisədə 43 milyon funt-sterlinq (49,8 milyon avro) təşkil edib.
Xərclərin bir hissəsi Amorimin 2026-cı ilin yanvarında, müqaviləsinin başa çatmasına 18 ay qalmış istefaya göndərilməsi ilə bağlı olub. “Fövqəladə xərclər” maddəsinə daxil edilən 8,2 milyon funt-sterlinqlik ödəniş portuqaliyalı mütəxəssisə və onun məşqçi heyətinə verilən təzminatı əhatə edib.
Lakin bu məbləğ potensial xərclərin yarısından da az olub. Amorim qısa müddətdə yeni iş tapmasaydı, “Mançester Yunayted” müqavilənin qalan hissəsi üzrə 16,7 milyon funt-sterlinq (19,3 milyon avro) ödəməli olacaqdı.
Sabiq baş məşqçi Erik Ten Haqa ödənilən təzminat da daxil olmaqla, son dövrlərdə məşqçi heyətinin işdən çıxarılmasına çəkilən ümumi xərclər 36,6 milyon funt-sterlinq (42,4 milyon avro) təşkil edib.
