İngiltərənin “Tottenhem” klubu Premyer Liqada “Lids”ə 0:1 hesabı ilə uduzduğu matçda baş verən mübahisəli epizodla bağlı rəsmi şikayət verməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, London təmsilçisi “Lids”in müdafiəçisi Ceyden Boqlun Matis Telə qarşı kobud müdaxiləsinə görə meydandan qovulmamasından narazıdır.
Birinci hissənin sonlarına yaxın Boql butsunun altlığı ilə fransalı futbolçunun ayaq biləyinin arxa nahiyəsinə zərbə endirib. Epizod təxminən dörd dəqiqə VAR tərəfindən yoxlanılsa da, müdafiəçi cəzalandırılmayıb.
Zədələnən Tel isə oyunu davam etdirə bilməyib və əvəzlənib. “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi qarşılaşmadan sonra futbolçunun ciddi zədə aldığını açıqlayıb.
London klubu Boqlun qırmızı vərəqə almalı olduğunu düşünür. Buna görə də “Tottenhem” hakimlərin fəaliyyətinə nəzarət edən Pro Ref qurumuna rəsmi müraciət edərək baş hakimin epizodu meydançanın kənarındakı monitorda təkrar izləməyə dəvət olunmamasının səbəbini öyrənmək istəyir.
Qeyd edək ki, “Tottenhem” ikinci hissədə rəqibin üstünlüyü qarşısında çətinlik çəkib. “Lids” 79-cu dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
