Qattuzo İkardidən niyə imtina etdiyini açıqladı

21 Sentyabr 2026 07:36
81
Qattuzo İkardidən niyə imtina etdiyini açıqladı

İtaliyanın “Latsio” futbol komandasının baş məşqçisi Cennaro Qattuzo A Seriyasında “Venetsiya” ilə keçirilən oyundan sonra Mauro İkardi ilə bağlı diqqətçəkən açıqlama verib.

İdman.Biz xəbər verir ki, 48 yaşlı mütəxəssis komandasının ilk beş turda topladığı 13 xalı yüksək qiymətləndirərək bütün uğurun futbolçulara məxsus olduğunu bildirib.

“Bütün uğur və tərif komandaya aiddir. Bu qrup ilk gündən böyük peşəkarlıq və əzmkarlıqla əlindən gələnin ən yaxşısını edir. Məhz buna görə Mauro İkardiyə “yox” dedim. İkardini mən istəmədim”, - deyə Qattuzo bildirib.

İtaliyalı məşqçi heyətdəki mövcud uyğunluqdan razı olduğunu və komandaya birbaşa fayda verəcək futbolçular axtardıqlarını da vurğulayıb:

“Belə bir komandanı çalışdırmaq mənim üçün böyük zövqdür. Mənim vəzifəm futbolçuları ən uyğun şəraitə hazırlamaq və mümkün qədər az səhv etməkdir. İşə başlayanda transfer edə bilməyəcəyimizi düşünürdüm. Proses bir qədər vaxt apardı, amma bu, mənim şəxsi seçimim idi. Çünki komandaya birbaşa töhfə verəcək, funksional oyunçular istəyirdim. Gələn futbolçulara görə kluba və oyunçulara təşəkkür edirəm”.

Qeyd edək ki, 33 yaşlı Mauro İkardi “Qalatasaray” karyerasında 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. “Latsio”ya keçidi baş tutmayan argentinalı hücumçu hələlik yeni klubla müqavilə imzalamayıb.

İdman.Biz