“İnter”ə Fabreqasdan xəbərdarlıq: “Əsl gücümüzü göstərəcəyik”

6 Noyabr 2026 11:20
30
“İnter”ə Fabreqasdan xəbərdarlıq: “Əsl gücümüzü göstərəcəyik”

İtaliyanın “Komo” futbol komandasının baş məşqçisi Sesk Fabreqas UEFA Çempionlar Liqasında Fransanın “Lans” kollektivi üzərində 9:1 hesablı tarixi qələbədən sonra qarşıdakı “İnter” matçı barədə danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “La Gazzetta dello Sport” qəzetinə açıqlamasında komandasının Avropanın ən nüfuzlu klub turnirindəki uğurunu yüksək qiymətləndirib.

“Bəli, biz tarixə düşdük. Bu, azarkeşlərimiz və klubumuz üçün unudulmaz axşam oldu. Hər şey istədiyimiz kimi alındı. Lakin eyni tempdə davam etməliyik. Çünki bazar günü bizi daha bir vacib qarşılaşma gözləyir”, - deyə Fabreqas bildirib.

Baş məşqçi futbolçularına Fransa təmsilçisi üzərindəki böyükhesablı qələbəni arxada qoyaraq bütün diqqətlərini “İnter”lə görüşə yönəltməyi tapşırdığını vurğulayıb:

“Bu anın dadını çıxarmağa haqqımız var. Komanda buna layiqdir. Amma futbolda hadisələr çox sürətlə dəyişir. Futbolçularıma artıq “Lans”la oyunu unutmağı və yalnız “İnter” barədə düşünməyi tapşırmışam. Bizi İtaliyanın son çempionunun meydanında olduqca çətin qarşılaşma gözləyir”.

Fabreqas Milana səfərdə komandasının əsas məqsədini də açıqlayıb:

“Məqsədimiz Milana gedib əsl kimliyimizi göstərməkdir. Bu oyun həm fiziki, həm də psixoloji baxımdan böyük güc tələb edəcək. Hazırlıq üçün vaxtımız azdır, amma bundan maksimum yararlanmalıyıq. Milli komandaların fasilələri arasındakı dövrdə doqquzuncu matçımız olacaq. Bu mərhələni yaxşı nəticə ilə başa vurmaq istəyirik”.

Qeyd edək ki, “Komo” Çempionlar Liqasındakı debüt mövsümündə “Lans”ı səfərdə 9:1 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atıb. İtaliya A Seriyasının növbəti turunda isə Fabreqasın komandası noyabrın 8-də “San-Siro” stadionunda “İnter”in qonağı olacaq.

İdman.Biz