De Miquelin ölümünə görə oynamaq istəmədilər, dörd matç təxirə salındı

6 Noyabr 2026 11:09
32
De Miquelin ölümünə görə oynamaq istəmədilər, dörd matç təxirə salındı

İspaniya La Liqası və Sequndasında futbolçular oynamaq istəmədiklərini bildirsələr də, qarşılaşmaların əksəriyyəti əvvəlcədən nəzərdə tutulan tarixlərdə baş tutacaq. Yalnız dörd oyunun vaxtı dəyişdirilib.

İdman.Biz xəbər verir ki, buna səbəb “Tenerife”nin futbolçusu Xesus de Miquelin vəfatıdır.

30 yaşlı futbolçu noyabrın 3-də Sequndanın 12-ci turunda “Andorra” ilə matçın son dəqiqələrində qapıçı Xesus Ovono ilə toqquşduqdan sonra xəstəxanada dünyasını dəyişib.

Toqquşmadan sonra huşunu itirən De Miquelin ürək və tənəffüs fəaliyyəti təxminən 20 dəqiqə dayanıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İspaniya Futbolçular Assosiasiyası (AFE) faciənin futbolçulara psixoloji təsirini nəzərə alaraq, hər iki liqada qarşıdakı turun oyunlarının təxirə salınmasını tələb etmişdi.

Lakin La Liqa rəhbərliyi qarşılaşmaların əksəriyyətinin təqvimə uyğun keçiriləcəyini açıqlayıb.

Xesus de Miquelin xatirəsinə bütün oyunlardan əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Bundan əlavə, mərhum futbolçuya ehtiram əlaməti olaraq matçların 9-cu dəqiqəsində oyun müvəqqəti dayandırılacaq.

Təxirə salınan qarşılaşmalar isə “Kastelyon” - “Eybar”, “Qranada” - “Tenerife”, “Andorra” - “Malyorka” və qadınlar arasında “Tenerife” - “Alaves” matçlarıdır. Həmin görüşlərin yeni keçirilmə tarixləri barədə hələlik məlumat verilməyib.

İdman.Biz