Ötən əsrin 80-ci illərində SSRİ çempionatında danışılmış oyun təklifinin olduğu üzə çıxıb.
İdman.biz xəbər verir ki, bunu Moskva MOİK-inin sabiq futbolçusu Dmitri Kuznetsov açıqlayıb.
O, Rusiya mətbuatına açıqlamasında bildirib ki, 1989-cu ildə Kutaisi “Torpedo”su ilə görüşdə matçı satmaq təklifi alıblar: “Biz “Torpedo” ilə oynamağa getmişdik. Otelə gələn nümayəndələr bizə oyunu satmağı təklif etdilər. Bu, birinci liqada baş vermişdi. Amma biz güclülər dəstəsinə çıxmaq üçün mübarizə apardığımızı deyərək imtina etdik. Qarşılaşmaya çıxdıq və heç-heçə oynadıq. Biz heç öncədən matça çıxmaq istəmirdik. Regionun başçısını çağırdılar, soyunub-geyinmə otağımıza gəldi. Həmin vaxt Gürcüstanda vəziyyət ağır idi. Amma biz oynamağa qərar verdik. MOİK-dən kimsə pulu götürə bilərdi? 100 faizlik cavabım “yox”dur. Mənim həmin vaxt oynadığım komanda yoldaşlarım buna qadir deyildi”.
“Torpedo” və MOİK arasında 1989-cu il iyulun 3-də keçirilən XIX turun görüşü 1:1 hesabı ilə başa çatıb. Həmin mövsümdə MOİK 1-ci yeri tutaraq güclülər dəstəsinə yüksəlib, “Torpedo” isə 13-cü yeri tutub.
Qeyd edək ki, Kuznetsov karyerası ərzində Rusiyada MOİK, “Arsenal”, “Sokol”, İspaniyada “Espanyol”, “Alaves” və “Osasuna”da forma geyinib. O, SSRİ çempionu və kubokunun qalibi olub.
İdman.biz
