UEFA-nın vitse-prezidenti Laura Makallister FIFA prezidenti Canni İnfantinonun Dünya Çempionatına özəl investisiyalar cəlb etmək planını kəskin tənqid edib.
Idman.biz "ESPN"ə istinadən xəbər verir ki, Makallister bu təklifin UEFA daxilində FİFA-nın idarəetmə üslubu ilə bağlı ciddi narahatlıq yaratdığını bildirib.
"Dünya Çempionatının təşkilinin biznes strukturlarına satılması təklifi futbolun mövcudluğunu birbaşa təhdid edən bir davranışdır", — deyə o vurğulayıb.
Xatırladaq ki, FİFA gələcək Dünya Çempionatlarını və digər turnirləri təşkil etməli olan "FIFA Forward Enterprise" adlı törəmə şirkətdə özəl investorlara pay satmağı planlaşdırırdı. Lakin futbol ictimaiyyətinin böyük müqavimətindən sonra qurum bu plandan geri çəkilmək məcburiyyətində qalıb. UEFA isə sözügedən məsələ ilə bağlı FİFA-ya qarşı məhkəmə iddiası da qaldırıb.
