İtaliya Kubokunda 1/8 finalın son iştirakçıları müəyyənləşəcək - İDMAN.BİZ-İN İCMALI

15 Sentyabr 2026 19:28
74
İtaliya Kubokunda 1/8 finalın son iştirakçıları müəyyənləşəcək - İDMAN.BİZ-İN İCMALI

Bu gün İtaliya Kubokunda 1/16 final mərhələsinə yekun vurulacaq. Proqramda cəmi iki oyun olsa da, hər iki qarşılaşmanın öz intriqası var. Mövsümə uğursuz başlayan “Cenoa” iddialı “Züdtirol”u qəbul edəcək, axşam isə Florensiyada “Fiorentina” ilə “Piza” arasında Toskana derbisi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu cütlərin qaliblərini 1/8 finalda daha ciddi sınaq gözləyir. “Cenoa” - “Züdtirol” duelinin qalibi “İnter”lə, Florensiyadakı derbidə üstün olan komanda isə “Napoli” ilə qarşılaşacaq.

“Cenoa” - “Züdtirol”: böhrandan çıxmaq üçün kubok şansı

Bakı vaxtı ilə saat 20:00-da “Luici Ferraris” stadionunda başlayacaq görüş meydan sahibləri üçün xüsusi əhəmiyyət daşıyır.

“Cenoa”nın A Seriyasına startı uğursuz alınıb. “Napoli”, “Latsio” və “Komo”ya məğlub olan genuyalılar ilk xalını yalnız dorduncu turda “Frozinone” ilə 1:1 hesablı heç-heçədən sonra qazanıb. Həmin matç da komanda üçün problemsiz ötüşməyib: Lorenzo Kolombo penaltini dəqiq yerinə yetirə bilməyib, bərabərlik qolunun müəllifi Yohan Vaskes isə sonradan meydandan qovulub.

Bu səbəbdən Daniele De Rossinin komandası üçün İtaliya Kuboku hazırda ikinci dərəcəli turnirdən daha çox, təzyiqi azaltmaq və özünəinamı bərpa etmək imkanıdır. Baş məşqçi də qarşılaşmadan əvvəl hədəfi aydın ifadə edib: “Cenoa” ciddi oyun keçirməli və növbəti mərhələyə yüksəlməlidir.

Lakin rəqibi asan hesab etmək olmaz. “Züdtirol” cari mövsümdə B Seriyasında hələ məğlub olmayıb - iki qələbə və iki heç-heçə. Komanda kubokun əvvəlki mərhələsində “Katandzaro” ilə əsas vaxtı 2:2 hesabı ilə başa vurub və penaltilər seriyasında qalib gəlib.

“Cenoa”nın heyətində itkilər də var. Elias Havel, Lorenzo Venturino və Nuredini meydana çıxa bilməyəcəklər. Bununla yanaşı, Stefan Əl-Şaaravi və Hamed Junior Traore sifariş ərizəsinə daxil ediliblər və onların oyun şansı qazanacağı gözlənilir.

Komandalar indiyədək iki dəfə rəsmi matçda üz-üzə gəliblər. 2022/23 mövsümündə B Seriyasında “Cenoa” evdə 2:0 hesabı ilə qalib gəlib, Bolzanodakı qarşılaşmada isə qolsuz heç-heçə qeydə alınıb.

“Fiorentina” - “Piza”: səhvə yer olmayan derbi

Günün əsas qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da Florensiyada başlayacaq.

“Fiorentina” - “Piza” oyunu sadəcə İtaliya Kubokunun növbəti qarşılaşması deyil. Bu, Toskana derbisidir və komandaların hazırkı vəziyyəti prinsipial görüşə əlavə intriqa qatır.

Florensiya klubunda bu yaxınlarda baş məşqçi dəyişikliyi baş verib. Mövsümün son dərəcə uğursuz başlanğıcından sonra Fabio Qrosso istefaya göndərilib, komandanın sükanı yenidən Paolo Vanoliyə tapşırılıb. Dəyişiklik dərhal effekt verib: “Fiorentina” cümə günü səfərdə “Venetsiya”nı 4:2 hesabı ilə məğlub edib. Franko Mastantuono het-triklə yadda qalıb.

İndi Vanolinin qarşısında duran əsas vəzifə bu nəticənin yalnız məşqçi dəyişikliyindən yaranan qısamüddətli emosional effekt olmadığını göstərməkdir.

Mütəxəssis özü də İtaliya Kubokunun əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu turnir “Fiorentina”nın cari mövsümdə real mübarizə apara biləcəyi yeganə kubokdur və buna görə komandanın səhv etmək hüququ yoxdur. Vanoli derbinin Florensiya üçün xüsusi əhəmiyyət daşıdığını da xatırladıb.

Meydan sahiblərinin start heyətində müəyyən dəyişikliklərin olacağı gözlənilir. Pedro Qonsalves, Villi Nyonto, Marko Breşanini və daha az oyun vaxtı alan digər futbolçular şans qazana bilərlər. Əsas itki isə Fabiano Parizidir.

“Piza” derbiyə tam fərqli əhval-ruhiyyədə gəlir. Komanda son turda “Virtus Entella”ya 1:4 hesabı ilə ağır məğlubiyyətə uğrayıb. Buna görə kubok matçı “Piza” üçün həm də həmin uğursuzluğu mümkün qədər tez unutdurmaq fürsətidir.

Tarix isə aşkar şəkildə “Fiorentina”nın tərəfindədir. “Bənövşəyilər” öz meydanlarında “Piza” ilə keçirdikləri 13 qarşılaşmanın doqquzunda qalib gəlib, üçündə heç-heçə edib və yalnız bir dəfə məğlub olublar.

Maraqlıdır ki, “Piza”nın Florensiyadakı yeganə qələbəsi də kubok matçına təsadüf edib. 2002-ci ilin avqustunda İtaliya C Seriyası Kubokunda qonaqlar 1:0 hesabı ilə qalib gəliblər. Həmin qarşılaşma Della Valle ailəsinin dövründə yenidən qurulan “Fiorentina”nın ilk rəsmi oyunu olub.

Ötən mövsüm komandalar A Seriyasında Florensiyada da üz-üzə gəliblər və meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Bukmekerlər bugünkü derbinin favoritini “Fiorentina” hesab edirlər. Meydan sahiblərinin qələbəsinə əmsallar təxminən 1,40-1,55, heç-heçəyə 4,0-4,6, “Piza”nın uğuruna isə 6,5-8,0 aralığında dəyişir.

Amma qarşılaşmanın əsas intriqası da məhz buradadır. “Fiorentina” daha güclü heyətə malikdir, öz meydanında oynayır və Vanolinin qayıdışından sonra emosional yüksəliş yaşayır. “Piza”nın isə demək olar ki, itirəcəyi heç nə yoxdur. Bir oyundan ibarət kubok formatı və Toskana derbisinin prinsipiallığı komandalar arasındakı səviyyə fərqini meydanda xeyli azalda bilər.

15 sentyabrın oyunları:

20:00. “Cenoa” - “Züdtirol”
23:00. “Fiorentina” - “Piza”

Birinci cütün qalibi 1/8 finalda “İnter”lə, ikinci cütün qalibi isə “Napoli” ilə qarşılaşacaq.

İdman.Biz