Super Liqa: “Qalatasaray” kapitanın qolu ilə liderliyə qayıtdı - YENİLƏNİB + VİDEO

13 Sentyabr 2026 23:03
782
Super Liqa: “Qalatasaray” kapitanın qolu ilə liderliyə qayıtdı - YENİLƏNİB + VİDEO

Türkiyənin “Qalatasaray” futbol komandası Super Liqanın beşinci turunda “Kocaelispor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, “RAMS Park”da keçirilən qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray” 15-ci dəqiqədə topu qapıdan keçirsə də, VAR müdaxiləsindən sonra qol ləğv olunub. Baş hakim Atilla Karaoğlan epizoda təkrar baxdıqdan sonra Deniz Gülün qapıçı Serhata qarşı qayda pozuntusu etdiyini müəyyənləşdirib.

İlk hissənin sonlarında hər iki komandanın təhlükəli vəziyyətləri olub. “Kocaelispor”un futbolçusu Daniel Agyeyinin zərbəsi dirəkdən dönüb, “Qalatasaray” isə Rafael Leao və Abdülkerim Bardakcı ilə qol şanslarından yararlana bilməyib.

Meydan sahibləri qələbə qolunu 71-ci dəqiqədə vurublar. Komandanın kapitanı Abdülkerim Bardakcı uzaq məsafədən qüvvətli zərbə ilə fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra “Qalatasaray” xallarının sayını 13-ə çatdıraraq yenidən liderliyə yüksəlib. “Kocaelispor” isə doqquz xalda qalıb.

Paralel keçən oyunda “Amedspor” “Başakşehir”i qəbul edib.

Meydan sahibləri qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılıblar.

Hesab ilk hissənin sonlarında açılıb. 45-ci dəqiqədə Emin Bayram avtoqolla “Amedspor”u önə keçirib.

İkinci hissədə isə Gift Orban ön plana çıxıb. Hücumçu 52, 56 və 75-ci dəqiqələrdə fərqlənərək het-trik müəllifi olub.

84-cü dəqiqədə Mbaye Dianye də topu qapıdan keçirərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib - 5:0.

Qeyd edək ki, bu qələbədən sonra “Amedspor” xallarının sayını 10-a çatdırıb. “Başakşehir” isə dörd xalda qalıb.

20:08

Türkiyənin “Kasımpaşa” futbol komandası Super Liqanın beşinci turunda “Gənclərbirliyi”nin qonağı olub.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri oyuna daha fəal başlayıblar və 23-cü dəqiqədə Usman Diabatenin qolu ilə hesabı açıblar. “Gənclərbirliyi” ilk hissədə daha bir neçə təhlükəli vəziyyət yaratsa da, üstünlüyünü artıra bilməyib.

Fasilədən sonra təşəbbüsü ələ alan “Kasımpaşa” 79-cu dəqiqədə Adrian Benedıçakın qolu ilə hesabı bərabərləşdirib.

Qonaqlar təzyiqi davam etdiriblər və 90+4-cü dəqiqədə Güvən Yalçın fərqlənərək komandasına qələbə qazandırıb - 2:1.

Bu nəticədən sonra “Kasımpaşa” xallarının sayını doqquza çatdırıb. “Gənclərbirliyi” isə yeddi xalda qalıb.

İdman.Biz