Portuqaliya millisinin futbolçusu hakimi təhqir etdiyinə görə cəzalandırıldı

31 Oktyabr 2026 06:15
75
Portuqaliya millisinin futbolçusu hakimi təhqir etdiyinə görə cəzalandırıldı

UEFA Portuqaliya millisinin yarımmüdafiəçisi Fransisko Konseysaunu hakimə qarşı təhqiramiz və kobud ifadələr işlətdiyinə görə üç oyunluq diskvalifikasiya edib.

İdman.Biz A Bola-ya istinadən xəbər verir ki, hadisə Millətlər Liqasında Portuqaliyanın Norveçi 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş verib.

Start heyətində meydana çıxan Konseysau 86-cı dəqiqədə hakimin qərarlarına emosional etiraz etdiyi üçün ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.

Lakin münaqişə bununla bitməyib. Soyunub-geyinmə otağına gedərkən futbolçu dördüncü hakimlə sözlü mübahisəyə girib. Portuqaliya millisinin nümayəndələri müdaxilə edərək oyunçunu sakitləşdirməli olublar.

Nəticədə Konseysau Millətlər Liqasının qrup mərhələsində noyabrın 14-də Danimarka və 17-də Uelslə keçiriləcək son iki görüşü, həmçinin 2027-ci ilin martına planlaşdırılan ilk 1/4 final qarşılaşmasını buraxacaq.

Portuqaliya Futbol Federasiyası UEFA-nın qərarından apellyasiya şikayəti vermək hüququnu saxlayır.

İdman.Biz